MƏDƏNİYYƏT
AVSTRİYADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ DAVAM EDİR
Aprelin 14-də Avstriyada Azərbaycan mədəniyyəti günləri başlamışdır. Nümayəndə heyətinə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Rəşid Behbudov adına Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının kollektivləri daxildir.
Ölkəmizin Vyanadakı səfirliyindən bildirmişlər ki, aprelin 15-də nazir Polad Bülbüloğlu Avstriyanın Tətbiqi Sənət Universitetinin rektoru ilə görüşmüşdür. Görüşdə bu universitetlə Azərbaycan İncəsənət və Mədəniyyət Universiteti arasında əlaqələr qurulması barədə müzakirələr aparılmışdır.
Sonra nazir mətbuat konfransı keçirərək, Azərbaycan mədəniyyəti günləri haqqında danışmış, jurnalistlərin çoxsaylı suallarına cavab vermişdir.
Mətbuat konfransından sonra Azərbaycan xalçaları sərgisinin açılışı olmuşdur. Azərbaycanın mədəniyyət naziri açılış mərasimində çıxış etmişdir.
Elə həmin gün P.Bülbüloğlu Vyana bələdiyyəsinin mədəniyyət məsələləri üzrə nümayəndəsi Maliat Pokornı ilə görüşmüşdür. Söhbət zamanı Vyana-Bakı mədəni əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir. Nazir Bakıda Avstriya mədəniyyəti günlərinin keçirilməsi məqsədi ilə M.Pokornını Azərbaycana dəvət etmiş və bu dəvət məmnunluqla qəbul olunmuşdur.
Sonra P.Bülbüloğlu Avstriyanın mədəniyyət məsələləri üzrə dövlət katibi Frants Morak ilə görüş keçirmişdir. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
Aprelin 15-də Vyananın “Palaviçin” sarayında Avstriyada Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Avstriyadakı səfiri Vaqif Sadıqov, Vyana-Bakı, Avstriya-Azərbaycan Cəmiyyətinin sədri Neda Berger, avstriyalı tarixşünas Erix Fayql, Avstriyanın mədəniyyət məsələləri üzrə dövlət katibi Frants Morak, Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu mərasimdə çıxış etmişlər.
Həmin gün axşam Vyanada Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala-konsert verilmişdir.