AVSTRİYADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ DAVAM EDİR
Ölkəmizin Vyanadakı səfirliyindən bildirmişlər ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu aprelin 16-da Avstriyanın xarici işlər naziri xanım Benita Ferrero-Valdner ilə görüşmüşdür. Avstriya naziri 2000-ci ildə Bakıya səfəri zamanı ona göstərilmiş yüksək qonaqpərvərliyə görə bir daha dərin təşəkkürünü bildirmişdir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqına və məcburi köçkünə çevrildiyini bildirən P.Bülbüloğlu bu insanların bir çox haqları ilə yanaşı, mədəniyyətə qovuşmaq haqqının da tapdalandığını vurğulamışdır. ATƏT-in Minsk qrupunun münaqişənin həlli sahəsindəki fəaliyyətinin lazımi nəticələr vermədiyini xatırladan Azərbaycan naziri Avropanın Avstriya kimi dövlətlərini ölkəmizin haqq səsini dəstəkləməyə çağırmış və bu məsələnin həllində beynəlxalq təşkilatların fəallıq göstərməsinin zəruriliyini bildirmişdir.
Həmin gün Azərbaycan incəsənət ustalarından ibarət nümayəndə heyəti Avstriyanın Ştiriya əyalətinin paytaxtı Qrats şəhərinə gəlmişdir. Burada nazir P.Bülbüloğlu Ştiriya əyalətinin valisi xanım Valtraud Klassinçlə görüşmüşdür. Görüşdə Azərbaycan ilə Ştiriya əyaləti arasında mədəniyyət sahəsində əlaqələr yaradılmasına dair fikir mübadiləsi aparılmış, incəsənət kollektivlərinin, sərgilərin mübadiləsi, mədəniyyətin müxtəlif sahələrində təhsil imkanlarının araşdırılması barədə razılığa gəlinmişdir. Sonra nazir ölkəmizdə siyasi-iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişənin respublikamız üçün ağır nəticələri, o cümlədən işğal olunmuş ərazilərimizdə minlərlə mədəniyyət obyektinin Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilməsi barədə məlumat vermişdir.
Qrats şəhərinin meri Alfred Ştinql ilə də görüş keçirilmişdir. P.Bülbüloğlu böyük mədəni potensiala malik olan Qrats şəhərinin Azərbaycan-Avstriya mədəni əlaqələrinin genişləndirilməsində xüsusi rol oynaya biləcəyini vurğulamışdır. A.Ştinql belə tədbirlərin keçirilməsinin xalqların yaxınlaşmasına mühüm təsir göstərdiyini bildirmişdir.
Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Vaqif Sadıqov iştirak etmişdir.
Həmin gün axşam Qrats şəhərində Azərbaycan incəsənət ustalarının qala-konserti olmuşdur. Konsert başlanmazdan əvvəl Qrats şəhərinin meri A.Ştinql və Azərbaycanın mədəniyyət naziri P.Bülbüloğlu çıxış etmişlər. Azərbaycan incəsənət ustalarının çıxışı böyük müvəffəqiyyətlə keçmiş, hərarətli alqışlarla qarşılanmışdır.