Avstriyada inflyasiyanın səviyyəsi Avroməkanda ən yüksək səviyyədədir
Vyana, 18 iyun, AZƏRTAC
Avstriyada inflyasiya ötən ilin sentyabr ayından bəri Avroməkanda ən yüksək səviyyədə qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, may ayında Avstriyada istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz baha olub. İnflyasiyanın yüksək olmasına səbəb kimi yanacaq, qastronomiya və turizm sektorunda qiymətlərin bahalaşması göstərilir.
Avstriya Statistika İdarəsinin baş direktoru Tobias Tomas bildirib ki, hazırda inflyasiyanın yüksək həddinin arxada qaldığını proqnozlaşdırmaq olar. Son aylarda yanacaq qiymətlərində sabitləşmə və hökumətin gördüyü bir sıra tədbirlər nəticəsində 2024-cü ilədək inflyasiyanın 4,1 faizə, 2025-ci ildə isə 2,9 faizə düşəcəyi ehtimal olunur.
İqtisadi ekspertlər hökuməti, eyni zamanda, Avstriyada inflyasiyaya qarşı tədbirlərin digər Avroməkan ölkələrindən daha gec tətbiqinə görə tənqid edirlər. Almaniya, İtaliya və İspaniya kimi ölkələrdən fərqli olaraq, Avstriyada əlavə dəyər vergisinə müdaxilə edilməməsi də bahalaşmada rol oynayıb. Həmçinin tələb olunur ki, hökumət enerji daşıyıcılarının qiymətində uyğunlaşdırmanı daha sürətli həyata keçirməlidir.
Avstriya Milli Bankı bu ilin ilk yarısında iqtisadi artımın ilin o biri yarısında da davam edəcəyini və iqtisadi artımın 1,6 faiz təşkil edəcəyini proqnozlaşdırıb. Ehtimal olunur ki, illik inflyasiyanın həddi 7,4 faizə düşə bilər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana