Avstriyanın mədəniyyət həyatında mühüm rola oynayan Vyana Dövlət Operası yenidən fəaliyyətə başlayıb
Vyana, 9 iyun, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar üç ay fəaliyyətini dayandırmalı olan Vyana Dövlət Operasında ilk konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın ən tanınmış opera binalarından olan və Avstriyanın mədəniyyət həyatında mühüm rol oynayan Vyana Dövlət Operasında yüz nəfər tamaşaçının iştirak etdiyi klassik konsert proqramı baş tutub. Mədəni-kütləvi tədbirlərin maksimum 100 nəfərlə məhdudlaşdırıldığını, eləcə də səhnə və orkestrdə sosial məsafə qaydalarının gözlənilməsini nəzərə alaraq, Dövlət Operası iyun ayı proqramına on dörd klassik konsert daxil edib. Fortepianonun müşayiəti ilə keçirilən ilk konsertdə tanınmış opera müğənnisi Qünter Qroysbök çıxış edib. Ayın sonuna kimi bu operanın səhnəsində yer alan tanınmış solistlər mahnı və ariyalardan ibarət konsertlər verəcək, eləcə də kamera orkestrinin konsertləri keçiriləcəkdir.
Qeyd edək ki, Vyana Dövlət Operası bütün konsertləri öz internet saytında (www.staatsoperlive.com) ödənişsiz əsaslarla yayımlayacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana