CƏMİYYƏT
Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri: Sizin laboratoriyalarda mükəmməl metod və avadanlıqlardan istifadə olunur
![Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri: Sizin laboratoriyalarda mükəmməl metod və avadanlıqlardan istifadə olunur](/files/2022/2/1200x630/16527997441334816916_1200x630.jpg)
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikincer Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.
O bildirib ki, institutda qurulan laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir: “Burada ən qabaqcıl metodlardan istifadə olunur. Biz də Avstriyada eyni metodlardan və avadanlıqlardan istifadə edirik. Bu, böyük bir fürsətdir və əlbəttə ki, çox yaxşı təəssürat bağışlayır. Düşünürəm ki, burada mükəmməl avadanlıq və metodlardan istifadə olunur”.
Tomas Kikincer qeyd edib ki, belə laboratoriyaların fəaliyyəti ölkədə qida təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət daşıyır: “Ümid edirəm ki, gələcəkdə daha sıx şəkildə işləyə bilərik. Nəzərə alsaq ki, bizim apardığımız iş eynidir, bununla mən laboratoriyaların inkişafı sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyi və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tuturam”.