MƏDƏNİYYƏT


Moskvada Azərbaycanın Əməkdar Rəssamı Tahir Məmmədovun fərdi sərgisi açılacaqdır

Bakı, 24 iyun (AZƏRTAC). İyunun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvadakı Mərkəzi Rəssamlar Evində Əməkdar Rəssam Tahir Məmmədovun fərdi sərgisi açılacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 7-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq əsərləri nümayiş olunacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Tahir Məmmədov 1946-cı il mart ayının 1-də anadan olmuşdur. 1967-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Rəssamın 1981-ci ildə Moskva şəhərində “Yunost” jurnalının təşkilatçılığı ilə ilk fərdi sərgisi keçirilmişdir. 1992-ci ildə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülmüşdür. 1992-ci ildə Parisdə “CITE INTERNATIONALE DEZ ARTS” sərgisi çərçivəsində onun fərdi yaradıcılıq sərgisi açılmışdır. 2001-ci ildə Azərbaycan Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatının, 2001-ci ildə “Ənənəvilik və müasirlik” birinci Beynəlxalq foto müsabiqəsinin qalibi olmuş, 2004-cü ildə “Humay” Milli Mükafatına layiq görülmüşdür. 2002-ci ildə Azərbaycanın Əməkdar Rəssamı fəxri adını almışdır.

Yaradıcılığını təkmilləşdirmək məqsədilə bir neçə il xarici ölkələrdə yaşayıb yaradan Tahir Məmmədov istər rəngkarlıq janrında, istərsə də bədii fotoqrafiya sahəsində öz dünyagörüşünü əsərlərində ustalıqla əks etdirən istedadlı sənətkardır. Onun əsərləri dünyanın müxtəlif muzey və qalereyalarında, o cümlədən Tretyakov Qalereyasında (Moskva), “Şərq Xalqları” Muzeyində (Moskva), Bədii Sərgilər Direktorluğunun Fondunda (Moskva), “ARTS Turnelle” sərgi salonunda (Paris), “Edmon Rozenfeld” qalereyasında (Paris), eyni zamanda ABŞ, Almaniya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.