“AZADLIQ” QƏZETİ ALMANİYA İNFORMASİYA AGENTLİKLƏRİNİN MƏLUMATLARINI QƏRƏZLİ ŞƏKİLDƏ TƏHRİF ETMİŞDİR
Belə ki, Almaniyada “Azadlıq” qəzetində adı çəkilən “OnVista” adlı qəzet nəşr edilmir. OnVista birja və maliyyə ilə bağlı gündəlik informasiyaları öz İnternet səhifəsində yerləşdirən məhdud məsuliyyətli mətbuat cəmiyyətidir və onun varlığı geniş olmayan bir dairəyə məlumdur (OnVista CmbH). Almaniyanın DPA (Deutsche Presseagentur) xəbərlər agentliyinin yaydığı və OnVistanın öz İnternet səhifəsində yerləşdirdiyi “beynəlxalq müşahidəçilərin müəyyən etdiyi kütləvi seçki saxtakarlığı” sözlərini “Azadlıq” qəzeti “fırıldaqçı seçki yolu ilə hakimiyyəti ələ alıb” kimi qərəzli və qeyri-dəqiq tərcümə etmişdir.
DPA-nın yaydığı həmin məlumatda Azərbaycanla bağlı, “Prezident İlham Əliyevin dövründə həyata keçirilən uğurlu siyasi islahatlar”, “Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi” barədə federal kansler G.Şröderdən sitatlar da vardır. Təəssüf ki, “Azadlıq” bunları “görməyib” və yalnız adı çəkilən cümləni kontekstdən ayıraraq təhrif olunmuş şəkildə tərcümə etmişdir.
“Azadlıq” qəzetinin yuxarıda adı çəkilən məqaləsində “Deutsche Welle”nin AFR Xarici İşlər Nazirliyinə istinadən yaydığı bəyanatın da həqiqiliyi XİN tərəfindən təsdiq edilməmişdir. Xarici İşlər Nazirliyindən bildirmişlər ki, nazirlik Azərbaycan Respublikası Prezidentinin AFR-ə rəsmi səfəri ilə bağlı bəyanat verməyib və “Azadlıq”da dərc edilən “Azərbaycanda hüquqi özbaşınalıqdır. Bu səbəbdən alman sərmayəçiləri Azərbaycandan uzaq qaçırlar” yazısı uydurmadır. “Deutsche Welle”nin rus və alman redaksiyaları da belə məzmunda şərh yaymadıqlarını bildirmişlər. “Deutsche Welle”nin türkdilli redaksiyası isə AFR Xarici İşlər Nazirliyinin 2004-cü ilin martında Azərbaycan haqqında öz İnternet səhifəsinə yerləşdirdiyi ümumi məlumatdan çıxarış edərək alman dilindən qeyri-dəqiq tərcümə vermişdir. “Azadlıq” isə “hüquqi çərçivə şərtlərinin olmaması” fikrini “hüquqi özbaşınalıq” kimi təhrif olunmuş şəkildə tərcümə edərək məqaləyə başlıq seçmişdir.
Məlumatda, həmçinin bildirilir ki, əksinə “Deutsche Welle”nin almandilli redaksiyası Azərbaycan Respublikası Prezidentinin AFR-ə səfəri ilə bağlı DPA informasiya agentliyinə istinadən üç müxtəlif məlumat yaymış və onları öz İnternet səhifəsində yerləşdirmişdir. Hər üç məlumat səfərlə bağlı obyektiv, Azərbaycana və onun rəhbərinə hörmət ruhunda verilmişdir.