QAN YADDAŞI
AZADLIQ UĞRUNDA CANINI FƏDA EDƏNLƏR HEÇ ZAMAN UNUDULMAYACAQLAR
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Müəllim və tələbələr əvvəlcə Şəhidlər xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Sonra mərasim universitetdə davam etdirilmişdir.
İştirakçılar müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Universitetin rektoru, professor Yusif Məmmədov demişdir ki, keçmiş sovet rəhbərliyi və onların Bakıdakı havadarları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə dəhşətli cinayətlər törətmiş, günahsız qanlar tökmüşlər. O müdhiş gecə Vətənin azadlığının və müstəqilliyinin müdafiəsinə qalxmış silahsız insanlar təpədən-dırnağadək müasir silahlarla silahlanmış sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Milli mənliyə, azadlıq ruhuna qarşı edilmiş bu təcavüz xalqımızın qan yaddaşına yazıldı. Ancaq o, təkcə faciə deyildi. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, xalqın azadlıq istəyinin oyanış günü idi. Uzun illər imperiya əsarətində yaşamış xalqın azadlıq səsini ucaltdığı, müstəqillik uğrunda bir yumruq kimi birləşərək cəsarət nümayiş etdirdiyi bir tarix idi.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Ümumxalq hüzn günü ilə əlaqədar respublikamızın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin anma mərasimləri keçirilir. 1990-cı ilin 20 yanvarında erməni millətçilərinin hərəkətlərindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxıb buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələri yeridildi və bu, misli görünməmiş faciə ilə nəticələndi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və rus imperiyasının əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Faciəyə hüquqi-siyasi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra verildi. 20 Yanvar elə şanlı tarixdir ki, illər, əsrlər ötsə də, bu gün heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər həmişə lənətlənəcəklər. Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimiz heç vaxt unudulmayacaqdır.
Sonda 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.