“Azəravtoyol”un nümayəndəsi Əbu-Dabidə Beynəlxalq Triatlon Çempionatının qalibi olub
Bakı, 6 aprel, AZƏRTAC
“Azəravtoyol” ASC-nin Yolların İstismarı Proqramı layihəsində Texniki Dəstək üzrə məsləhətçi, 74 yaşlı Robert Butler Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Triatlon Çempionatında ən yaşlı iştirakçı olaraq birinci yerə layiq görülüb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, R.Butler bu nailiyyəti 1500 metr məsafəyə üzməklə, 40 kilometr məsafəni velosipedlə qət etməklə və 10 kilometr məsafəyə qaçmaqla əldə edib. O, bunu 70 yaşdan yuxarı iştirakçılar arasında 2 saat 56 dəqiqə 17 saniyə göstəricisi ilə yerinə yetirməyə müvəffəq olub. Bu nəticə ilə 60 yaşdan yuxarı iştirakçılar arasında isə 11-ci olub.
R.Butler 2009-cu ildə, 66 yaşında Avstriyada keçirilən analoji beynəlxalq yarışda dayanmadan 12 saat ərzində 3,8 kilometr məsafəni üzərək, 180 kilometr məsafəni velosipedlə və 42 kilometrlik məsafəni qaçaraq qət etməyə müvəffəq olub.