ELM VƏ TƏHSİL
AZƏRBAYCAN ALİMİ AMERİKADA “İLİN ADAMI-2004” SEÇİLMİŞDİR
BDU-dan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ömrünün 50 ilini zəngin milli mədəniyyətimizin mühüm tərkib hissəsi olan kitabxana işi tarixinin araşdırılmasına, kitabxanaşünaslıq elminin formalaşdırılmasına və təcrübədə tətbiq edilməsinə, həmçinin ölkəmiz üçün yüksək ixtisaslı kadrların yetişdirilməsinə həsr etmiş alimi təkcə qonşu ölkələrdə deyil, uzaq xarici dövlətlərdə də yaxşı tanıyırlar. O, kitabxana işinin tarixinə və kitabxanaşünaslığın aktual elmi-nəzəri və nəzəri-təcrübi sahəsinə dair çoxsaylı dərslik, dərs vəsaitləri, monoqrafiyalar və elmi məqalələrin müəllifidir, 14 nəfər elmlər namizədinin elmi rəhbəri olmuşdur.
Bakı Dövlət Universiteti filologiya fakültəsinin kitabxanaçılıq şöbəsini 1955-ci ildə bitirən A.Xələfov orada müəllim saxlanılmış, 1961-ci ildə respublikamızda ilk dəfə olaraq “Azərbaycanda kitabxana işinin tarixi” mövzusunda namizədlik, 1974-cü ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Məhz onun təşəbbüsü və işgüzarlığı sayəsində universitetin kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilmiş və görkəmli alim 25 il həmin fakültəyə rəhbərlik etmişdir. Azərbaycan elminin bu sahəsinin inkişafındakı xidmətlərinə görə professor A.Xələfov 1969-cu ildə “Azərbaycanın əməkdar mədəniyyət işçisi”, 2001-ci ildə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüş, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Professor Abuzər Xələfovun Amerika Bioqrafiya İnstitutunun nüfuzlu tituluna layiq görülməsi onun məşhurluğu ilə yanaşı, Azərbaycanda kitabxanaşünaslıq elminin dünya miqyasında tanınmasını sübut edir. İnstitutun direktoru J.M.Evansın A.Xələfova göndərdiyi təbrik məktubunda deyildiyi kimi, bu titul görkəmli şəxslərin cəmiyyətin quruculuq və inkişafındakı xidmətlərinə görə təltif edildikləri nadir nominasiyadır.