Azərbaycan atleti Hanna Skidan tələbələrin 28-ci Yay Universiadasında qızıl medal qazanıb VİDEO
Kvancu, 11 iyul, AZƏRTAC.
Azərbaycan atleti Hanna Skidan tələbələrin 28-ci Yay Universiadasında qızıl medal qazanıb. Bu Azərbaycan idmançılarının Koreya Respublikasının Kvancu şəhərində keçirilən universiadada qazandıqları ikinci medaldır.
Hanna Skidan iyulun 11-də Kvancu stadionunda keçirilən qadınlar arasında çəkicatma yarışlarında 70,67 metr göstərici ilə birinci olub.
Qeyd edək ki, idmançılar yağışlı hava şəraitində mübarizə aparırlar.
İyulun 12-də isə digər atletimiz Hayle İbrahimov kişilər arasında 5000 metr məsafəyə qaçış yarışlarının finalında çıxış edəcək.
Xatırladaq ki, 23 yaşlı Hanna Skidan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Hanna bu ilin iyununda Moldovada atletika üzrə açıq çempionatda 72,31 metr nəticə ilə ikinci yerə sahib olmaqla yanaşı, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Kvancu