“AZƏRBAYCAN-AVROPA VELOSİPED YÜRÜŞÜ” İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Bakı, 28 avqust (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə 2010-cu il “Ekologiya ili” elan olunmuşdur. Ekoloji təhlükəsizliyin təmin edilməsi Azərbaycanın sosial-iqtisadi həyatının prioritet məqsədlərindən biridir. Dünyada baş verən qlobal ekoloji problemləri nəzərə alaraq, ətraf mühitin qorunması məsələləri ölkəmizdə də aktualdır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə respublikamızda “Ekologiya ili” çərçivəsində ətraf mühitin təhlükəsizliyinə töhfə verən aksiyalar, yürüşlər, ekoloji mesajın ictimaiyyətə çatdırılması üçün müxtəlif tədbirlər keçirilir. Avqustun 28-də belə ekoloji tədbirlərdən biri olan “Azərbaycan Velosiped Həftəsi” çərçivəsində “Azərbaycan-Avropa Velosiped Yürüşü” ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Tədbiri açan xarici işlər nazirinin müavini Araz Əzimov qeyd etmişdir ki, məqsəd ətraf mühitin qorunması, enerji, ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliği, eləcə də, velosiped idmanının Azərbaycanda dəstəklənməsidir. Bildirilmişdir ki, Xarici İşlər, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən yürüşün sponsorları “AzMeCo”, “Azercell”, “Nissan”, “Coca-Cola” və “Buta” şirkətləridir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, “AzMeCo”nun idarə heyətinin sədri Nizami Piriyev və digərləri Azərbaycanda “Ekologiya ili” çərçivəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirmişlər. Vurğulanmışdır ki, velosipedin ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, Azərbaycanda bu cür yürüşün keçirilməsi ətraf mühitin qorunmasına verilmiş töhfələrdən biri ola bilər.
Yürüşə 11-i azərbaycanlı olmaqla, ümumilikdə 14 ölkədən 32 iştirakçı qatılacaqdır. Avqustun 30-da Bakıdan start götürəcək yürüş Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Göyçay rayonlarından, Mingəçevir şəhərindən keçməklə sentyabrın 6-da Gəncədə başa çatacaqdır.
Yürüş iştirakçıları adı çəkilən yaşayış məntəqələrində bir sıra müəssisələrlə tanış olacaq, ölkəmizin füsunkar təbiətini seyr edəcək və ekoloji mövzularda müzakirələrə qatılacaqlar. Yürüşün sonunda velosipedlər Azərbaycan Velosiped İdmanı Federasiyasına hədiyyə ediləcək və konsert proqramı təşkil olunacaqdır.
######
