Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyəti Litvanın aktivlərin maliyyə istintaqına dair təcrübəsini öyrənib
Bakı, 28 fevral, AZƏRTAC
“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvininq” layihəsi çərçivəsində Azərbaycan Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə başlanan tədris turunda Baş Prokurorluğun nümayəndə heyəti iştirak edib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfər zamanı Litva Respublikasının aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair təcrübəsi yaxından öyrənilib.
Tədris çərçivəsində Litvanın Xüsusi İstintaq Xidməti (STT), Müəssisələrin Reyestri Dövlət Mərkəzi, Maliyyə Cinayətlərinin İstintaqı Xidməti və Litva Cinayət Polisi Bürosunda “İnteqrasiya edilmiş Cinayət Proseduru” məlumat bazası (İBPS), maliyyə istintaqı, əmlakların (kriptovalyuta tranzaksiyalarının) müəyyən edilməsi, izlənilməsi, dondurulması mexanizmləri, İT alətlərindən istifadə, çirkli pulların yuyulmasının qarşısının alınması, eləcə də əmlakların aşkar olunması üzrə CARİN, SİENA kimi əməkdaşlıq formaları barədə məlumat verilib, mövzular üzrə ətraflı müzakirələr aparılıb.
Səfər zamanı Litvanın Baş prokuroru xanım Nida Qrunskiene və Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkus nümayəndə heyəti ilə görüşüb, “Əmlakların bərpası sistemində prokurorluğun rolu” və “Cinayət işlərində qanunsuz varlanma və müsadirə elementlərinin tətbiqinin praktiki aspektləri” adlı təqdimatlar nümayiş etdirilib.
Görüşlərdə Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq prokurorluqda davam etdirilən hüquqi islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şücaətli Ordumuzun 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılmış torpaqları azad etmələrinə dair məlumat verilib.