Azərbaycan Boks Federasiyasının idarə heyətinin iclası keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayevin sədrliyi ilə qurumun idarə heyətinin iclası keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ABF-nin strukturu müzakirə edilərək təsdiqlənib.
S.Babayev yaradılacaq yeni departamentlərlə bağlı ətraflı məlumat verib. O, idarəetmənin təkmilləşdirilməsi ilə müxtəlif yaş qrupları üzrə milli komandalarımızın beynəlxalq arenalarda Azərbaycanı uğurla təmsil edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, regionlarda nümayəndəliklərin açılması prosesinə tezliklə start veriləcək. Daha sonra diqqət şəhər və rayonlarımızda boks bölmələrinin fəaliyyətə başlamasına yönəldiləcək.
Bildirilib ki, hazırda Boks Mərkəzində təlim-məşq toplanışında olan 22 yaşadək boksçularımızın Avropa çempionatına hazırlığı ilə bağlı müzakirələr aparılıb. Yığmamızın Xorvatiyanın Poreç şəhərində keçiriləcək yarışda uğurlu çıxışı üçün maksimum səy göstəriləcək.
İdarə heyətinin üzvləri martın 11-24-də təşkil olunacaq U-22 Avropa çempionatına hazırlığın plan üzrə getdiyini və boksçularımızın yarışda ölkəmizin idman şərəfini layiqincə qorumağa çalışacaqlarını vurğulayıblar.