AZƏRBAYCAN BOKSÇULARI TƏLƏBƏLƏR ARASINDA AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 11-dən 18-dək Elistada tələbələr arasında boks üzrə Avropa çempionatı keçiriləcəkdir. Yarışda Azərbaycanı baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi ilə yığma komanda təmsil edəcəkdir.
Qeyd edək ki, tələbələr arasında Avropa çempionatı ilk dəfədir ki, keçirilir.
2006-cı ildə Beynəlxalq Tələbə İdmanı Federasiyasının (FİSU) boks üzrə texniki komitəsi yaradılmışdır. Həmin vaxtdan etibarən, tələbələr arasında boks yarışları daha sistemli qaydada keçirilməyə başlanmışdır. Əsas məqsəd isə boksun Dünya Yay Universiadasının proqramına daxil etməkdir.
Artıq FİSU ilə 2013 ildə Yay Universiadasına ev sahibliyi edəcək Tatarıstan hökuməti arasında boksun həmin yarışın proqramına salınmasına dair ilkin razılıq əldə olunmuşdur.
Elistada keçiriləcək Avropa çempionatında artıq 7 ölkə iştirak ərizəsini təqdim etmişdir. Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Rumıniya, Ukrayna, Belarus, Moldova və Estoniya turnirdə iştirak etmək üçün niyyətlərini bildirmişlər.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkəmizin idman şərəfini bu yarışda Rəhim Nəcəfov (54 kq), İlkin Ağayev (57 kq), Qismət Eynullayev (60 kq), Fərid Ağayev (75 kq), Rahib Bəylərov (81 kq) və Elçin Əhmədov (91 kq-dan yuxarı) qoruyacaqlar.