Azərbaycan boksçusu qələbə qazanaraq dünya çempionatının yarımfinalına yüksəlib
Bakı, 29 avqust, AZƏRTAC
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında dörddəbir final mərhələsinə start verilib. Mundialda Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı avqustun 29-da rinqə çıxıb.
AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı dörddəbir final mərhələsində Kolumbiya idmançısı Xorxe Vivas Palasios ilə qüvvəsini sınayıb. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb. Boksçumuz rəqibini 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlubiyyətə uğradıb. O, yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib. K.Şahsuvarlı avqustun 31-də keçiriləcək yarımfinalda qazaxıstanlı idmançı Abilxan Amankul ilə qarşılaşacaq.
Qeyd edək ki, günün ikinci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək.
Hamburq İdman Sarayında təşkil olunan yarışda 75 ölkədən 243 boksçu iştirak edir.
Yarışın qalibləri çempionatın sonuncu günündə - sentyabrın 2-də məlum olacaq.