REGİONLAR
Azərbaycan çempionatının üçüncü turundan sonra 6 zəka sahibinin aktivində 2 xal var
Naxçıvan, 7 may, AZƏRTAC
Muxtar respublikada ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasındakı Azərbaycan çempionatında üçüncü tura yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ilk turla müqayisədə bu tur zəka sahibləri arasındakı görüşlər tərəflərin qələbəsi ilə başa çatıb. Qrossmeyster Eltac Səfərli (2598) bu turu da heç-heçə başa vurub. O, qrossmeyster Fərid Abbasovla (2528) xalları yarı bölüb. Beynəlxalq usta Kənan Qarayev (2331) də ötən turda olduğu kimi yenə də “sülh”ə razılaşıb. Bu dəfə o, təcrübəli Nicat Məmmədovla (2609) görüşdə buna müvəffəq olub. Eyni nəticə qrossmeyster Misrətdin İsgəndərovla (2535) qrossmeyster Vasif Durarbəylinin (2606) də oyununda qeydə alınıb.
Ardıcıl iki heç-heçədən sonra beynəlxalq usta Məhəmməd Muradlı (2449) bu turda qələbə sevinci yaşayıb. O, beynəlxalq usta Abdulla Qədimbəylini (2470) üstələməklə buna nail olub. Qrossmeyster Vüqar Əsədli (2572) ilə beynəlxalq usta Aydın Süleymanlının (2520) görüşündə ağ-qara taxtanı hər iki tərəf yarı xalla tərk edib. Qrossmeyster Urfan Sevdimalıyev (2369) isə qrossmeyster Nicat Abasovla (2665) bacarmayıb və məğlub olub.
Üç turdan sonra 6 zəka sahibinin aktivində 2 xal var.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.
Mayın 7-də üçüncü turun görüşləri saat 14:00-da keçiriləcək. Bu turda azarkeşlər Aydın Süleymanlı - Məhəmməd Muradlı, Vasif Durarbəyli - Abdulla Qədimbəyli, Eltac Səfərli - Misrətdin İsgəndərov, Nicat Məmmədov - Fərid Abbasov, Nicat Abasov - Kənan Qarayev, Vüqar Əsədli - Urfan Sevdimalıyevin görüşlərinə şahidlik edəcəklər.