MƏDƏNİYYƏT
AZƏRBAYCAN-ÇİN DİPLOMATİK MÜNASİBƏTLƏRİNİN ONİLLİYİNƏ HƏSR EDİLMİŞ KİTABIN TƏQDİMATI
Çinin Bakıdakı səfirliyində “Azərbaycan-Çin: Diplomatik əlaqələr qurulmasının 10 ili” kitabının və bu əlamətdar hadisəyə həsr edilmiş yübiley markasının təqdimat mərasimi olmuşdur.
Prezidentin Katibliyinin və Çin səfirliyinin hazırladıqları kitab Azərbaycan Prezidenti Heydər Əliyevin və Çin Xalq Respublikasının Sədri Tszyan Tszeminin ölkələrimiz arasında diplomatik əlaqələr yaradılması münasibətilə təbrik teleqramları ilə açılır.
Nəşrin “Çin rəhbərliyi ilə görüş”, “Azərbaycan Uzaq Şərqdə tanınır”, “Böyük, qədim ölkə ilə tanışlıq” fəsillərində Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ilin martında Çin Xalq Respublikasına rəsmi səfərinə - ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın bünövrəsini qoymuş səfərə dair materiallar dərc edilmişdir.
“İkitərəfli münasibətlər məcrasında” fəslində Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin 2000-ci ilin iyununda ölkəmizə rəsmi səfəri, Bakıda keçirdiyi görüşlər ətraflı işıqlandırılır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ilin avqustunda ölkəmizdə olmuş Çin parlamenti, 1999-ci ilin avqustunda Çin Ali Xalq Prokurorluğu nümayəndə heyətləri ilə, dövlətimizin başçısının dəvəti ilə 1996-cı ilin mayında paytaxtımıza gəlmiş gənc Çin rəssamı ilə görüşlərinə, habelə 1998-ci ilin sentyabrında Bakıda tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın, 1999-cu ilin dekabrında Yeni Azərbaycan Partiyasının birinci qurultayında Çin Kommunist Partiyası nümayəndəsinin çıxışına dair materiallar “Əlaqələr genişlənir” fəslində verilmişdir. Kitabda ölkələrimiz arasında qarşılıqlı münasibətlərin normativ-hüquqi bazasını müəyyənləşdirən sənədlər, habelə Azərbaycan Prezidenti Heydər Əliyev /Çin dilində/ və Çin Xalq Respublikasının Sədri Tszyan Tszemin /Azərbaycan dilində/ haqqında bioqrafik məlumatlar da dərc edilmişdir.
Prezidentin Katibliyinin əməkdaşı Rafiq Abbasov təqdimat mərasimində bildirdi ki, bu, nadir nəşrdir, onun əvvəlki çapı Prezident Heydər Əliyevin göstərişinə əsasən, cənab Li Penin Azərbaycana səfəri münasibətilə hazırlanmışdı.
Çinin Bakıdakı səfiri Çjan Siyun və rabitə naziri Nadir Əhmədov çıxışlarında vurğuladılar ki, Azərbaycan ilə Çin arasında möhkəm bünövrəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri yaranmışdır və bu münasibətlər bundan sonra da inkişaf edəcəkdir.
Təqdimat mərasimində Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, Milli Məclisin deputatları Əli Əhmədov, Səttar Səfərov və digər rəsmi şəxslər iştirak edirdilər.