AZƏRBAYCAN-DAĞISTAN SƏRHƏDİ SABİTLİK ZONASINA ÇEVRİLƏCƏKDİR
Azərbaycan dövlətinin başçısı dağıstanlı qonaqlara respublikamızın mövqeyini bildirərək demişdir ki, aramızdakı sərhəd şərti xarakter daşıyır. Əsrlər boyu azərbaycanlı, avar, saxur, kumık, dargin, ləzgi və digər millətlərin və etnik qrupların nümayəndələri həmrəylik şəraitində yaşamış və qaynayıb-qarışmışlar. Azərbaycan Prezidenti milli azlıqların müxtəlif cəmiyyətlərdə, o cümlədən etnik qurumlarda birləşməsini təqdirəlayiq hesab etməklə bərabər, onu da qeyd etmişdir ki, kimliyindən asılı olmayaraq bütün insanları ümumbəşəri dəyərlər birləşdirməlidir. Respublikamızı yaşayış yeri seçmiş hər bir kəs azərbaycanlıdır. Hamımızın hüquq və səlahiyyətləri bir olduğu kimi, vəzifələrimizi də düzgün dərk etməliyik.
Dağıstan ağsaqqalları adından Dərbənd rayon icra hakimiyyətinin başçısı Səid Qurbanov gəlişlərinin məqsədi barəsində məlumat verərək demişdir ki, dövlətlərimiz arasında xoşməramlı əlaqələri bir daha təsdiqləmək və ümumi problemimiz olan qaçqınlara köməyimiz haqqında təkliflər vermək fikrindəyik.
Qəbulda respublika Baş nazirinin müavini Abbas Abbasov iştirak etmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri