Azərbaycan Dillər Universitetində “Həyatla oyun” tamaşası nümayiş olunub
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilən “Həyatla oyun” tamaşası nümayiş olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tamaşa Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə təqdim edilib.
ADU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov cəmiyyətin ən böyük problemlərindən biri olan narkomaniya və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə mübarizənin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, tamaşanın tələbələri maarifləndirməkdə və onların bu bəla ilə mübarizədə daha qətiyyətli addımlar atmalarında əhəmiyyətli rolu olacaq.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Fərid Qurbanzadə narkomaniya və onun törətdiyi fəsadlarla mübarizənin asan olmadığını deyib. Bildirilib ki, cəmiyyətimizin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran narkomaniya sürətlə yayılır. Bunun qarşısının alınması üçün müvafiq tərdbirlərin görülməsi zəruridir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında işçi qrupun rəhbər müavini Vasif Quliyev narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, cinayətkarlığın artmasına səbəb olduğunu söyləyib. O, tələbələrin “ağ ölüm”lə mübarizə aparmaları üçün göstərilən tamaşanın bu işdə böyük rol oynayacağına əminliyini ifadə edib.
“Həyatla oyun” tamaşasına quruluş verən İntiqam Soltan qeyd edib ki, narkomanlıq yoluxucu xəstəlikdir və QİÇS-ə aparan dəhşətli yoldur. O deyib: “Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı rəsmi statistikada göstəriləndən dəfələrlə çoxdur. Müalicəsi çox çətin olan bu xəstəlik get-gedə yayılır. Biz bu tamaşanı gənc nəslin narkomaniyanın törətdiyi faciələri daha dərindən dərk etməsi üçün ərsəyə gətirdik”.
Qeyd edək ki, “Həyatla oyun” tamaşası martda səkkiz ali təhsil ocağında nümayiş olunacaq.