ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin müəllimləri beynəlxalq sertifikata layiq görülüblər
Bakı, 12 iyun, AZƏRTAC
Dünyada baş verən hadisələr bir çox sahələrdə, xüsusilə təhsil sahəsində onlayn tədbirlərin təşkil olunmasının nə qədər əhəmiyyətli olduğunu göstərdi. Artıq yaşadığın məkanı tərk etmədən, dünyanın aparıcı universitetlərinin təşkil etdiyi təlimlərdə iştirak edərək beynəlxalq sertifikatlara nail olmaq mümkündür.
Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının müəllimləri Türkan Abbasova və Aysel Səfərzadə onlayn şəkildə Arizona Universitetinin ingilis dili müəllimləri üçün təşkil etdiyi “TESOL” (Digər dillərdə danışanlara ingilis dilinin tədrisi) adlı təlimi uğurla bitirərək beynəlxalq sertifikata layiq görülüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bir il (150 saat) davam edən təlim zamanı müəllimlər Arizona Universiteti professorlarının dərslərini dinləyib və müxtəlif imtahanlarda iştirak ediblər. Bununla yanaşı, il ərzində müəllimlər onlayn şəkildə silsilə dərslər hazırlayıblar. Bu dərslər Arizona Universitetinin ekspert-metodistləri tərəfindən izlənilib və yüksək rəy verilib.