Azərbaycan Dövlət Aqrar Universiteti “Ən yaxşı universitet” adına layiq görülüb
Gəncə, 10 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində respublikadan kənarda təhsil almış məzunlar təşkilatının hazırladığı, ölkədə ali məktəblərin reytinq cədvəlinə əsasən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Gəncə şəhərindəki ali təhsil müəssisələri arasında birinci, respublikada isə yeddinci yerə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə universitetdə toplantı keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edərək son illər ölkə başçısının diqqət və qayğısı sayəsində digər təhsil ocaqları kimi ADAU-nun da maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən və bu sahədə qazanılan uğurlardan danışıb. Bildirilib ki, ENACTUS komandasının mayın 30-31-də keçirdiyi 10-cu milli çempionatın qalibi olan ADAU Cənubi Afrika Respublikasında keçiriləcək beynəlxalq çempionatda ölkəmizi təmsil etmək hüququ qazanıb. Bundan əlavə, aprelin 23-də Serbiyanın paytaxtı Belqradda keçirilən Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti bu təşkilata üzv qəbul olunub. Bu uğuru yüksək dəyərləndirən rektor kollektivi təbrik edib, daha böyük nailiyyətlər arzulayıb.
Çıxış edənlər Azərbaycan universitetləri arasında “Ən yaxşı universitet” adını almış ADAU-nun kollektivini təbrik edib, qazanılan uğurları daha da möhkəmləndirmək üçün qarşıda duran vəzifələrdən danışıblar.