Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Xocalı qırğını qurbanlarının - erməni silahlı birləşmələri tərəfindən kütləvi şəkildə qətlə yetirilən Azərbaycanın Xocalı şəhəri sakinlərinin xatirəsini anmışlar.
Qarabağ müharibəsi illərində qəddarlığına görə ən qorxunc cinayət olan Xocalı faciəsi barədə videoçarx nümayiş etdirilmişdir. Faciədən 22 il ötür. Erməni silahlı birləşmələri fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi qulluqçularının iştirakı ilə Xocalı şəhərini işğal etmişlər. Hücum zamanı və ondan sonra yüzlərlə dinc sakin həlak olmuş, yaralanmış və itkin düşmüşdür.
Hadisələrin şahidi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Füdurə Rüstəmova o günlərin hadisələrindən söz açmışdır.
Erməni silahlı birləşmələrinin azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərinə hücumu şəhərin strateji mövqeyi ilə bağlı olmuşdur. Yaşayış məntəqəsi Xankəndidən 10 kilometr şimal-şərqdə - Qarabağ dağ silsiləsinin qoynunda yerləşir. Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolları Xocalıdan keçir. Dağlıq Qarabağda iri təyyarələri qəbul edə bilən yeganə aeroport da Xocalıda yerləşir.
Ona görə də Xocalı 1988-ci ildən başlayaraq dəfələrlə yerli və respublika hakimiyyət orqanları arasında çəkişmələrin mərkəzinə çevrilmişdi.
1991-ci ilin payızından erməni silahlı qüvvələri tərəfindən praktiki olaraq mühasirəyə alınmış Xocalı SSRİ-nin daxili qoşunları Dağlıq Qarabağdan çıxarılandan sonra tam mühasirə vəziyyətinə düşmüşdü. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Sakinlərin bir qismi mühasirədə yerləşən şəhəri tərk etsə də, Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovun təkidli xahişlərinə baxmayaraq, dinc əhalinin tam təxliyəsi təşkil olunmamışdı.
Faciə nəticəsində 613 nəfər (yolda donanlar daxil olmaqla), o cümlədən 83 uşaq, 106 qadın, 70 qoca həlak olmuş, 8 ailə bütünlüklə məhv edilmiş, 487 adam, o cümlədən 76 uşaq yaralanmış, 150 nəfər itkin düşmüş, 1275 nəfər əsir götürülmüşdür.
Tədbirdə Bakıdakı orta məktəblərin şagirdləri iştirak etmişlər. İ.Əbilov adına Mədəniyyət Mərkəzi nəzdindəki “Vurğun” Poeziya Teatrı Xocalıya həsr olunmuş kompozisiya təqdim etmişdir.