“Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildi nəşr olunub
Bakı, 29 dekabr, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin ikinci cildi nəşr edilib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Elm” nəşriyyatında işıq üzü görmüş 1024 səhifəlik kitab institutun direktoru, akademik İsa Həbibbəylinin “Ədəbiyyatda ortaq başlanğıc” adlı irihəcmli tədqiqatı ilə başlayır.
Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının ikinci cildi Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü və intibah dövrünü əhatə edir. Ədəbiyyat tarixçiliyində ilk dəfə olaraq Azərbaycan yazılı ədəbiyyatı tarixi “Kitabi-Dədə Qorqud”la başlayıb, bu ədəbi abidənin şifahi başlanğıc baxımından əhəmiyyəti qeyd olunmaqla bərabər, daha çox yazılı ədəbiyyat olması elmi cəhətdən əsaslandırılıb. Azərbaycan xalqının ədəbi fikri sonralar Orxon-Yenisey abidələri kimi nadir ortaq ümumtürk ədəbiyyatı kontekstindən ölkə ədəbiyyatına doğru inkişaf edib. Cilddə qədim alban yazılı abidələri və Azərbaycanda İslamın qəbul edilməsindən sonra VIII-XII əsrlərdə ərəb dilində yazıb-yaratmış azərbaycanlı alim və şairlərin yaradıcılığı, habelə Xətib Təbrizinin elmi-ədəbi irsi araşdırma predmetinə çevrilib. Cildin əsas məzmununu XI-XII əsrlər intibah dövrünün Azərbaycan poeziya məktəbi və onun görkəmli nümayəndələrinin yaradıcılıq xüsusiyyətlərinin təhlili təşkil edir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsi, onun “Xəmsə”si möhtəşəm ədəbiyyat hadisəsi kimi təqdim olunur, Nizami ədəbi məktəbinin özünəməxsusluqlarından bəhs edilir.
İkinci cild iki hissədən ibarətdir. Birinci hissə “Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü” (VII-X əsrlər), ikinci hissə “İntibah dövrü Azərbaycan ədəbiyyatı” (XI-XII əsrlər) adlanır. Bu cild ingilis və rus dillərində xülasədən, həmçinin Azərbaycan, türk, rus, ərəb, fars dillərində ədəbiyyat siyahısından ibarətdir.
Sanballı tədqiqat oçerklərindən ibarət kitabda İsa Həbibbəyli, Azadə Rüstəmova, Qafar Kəndli-Herisçi, Zakir Məmmədov, İmamverdi Həmidov, Nüşabə Araslı, Fəridə Əzizova, Çingiz Sadıqoğlu, Tofiq Hacıyev, Malik Mahmudov, Ülkər Məmmədova, Zakir Məmmədov, Xəlil Hüseynov, Könül Hacıyeva, Nailə Tağıyeva, Akif Əliyev, Leyli Əliyeva, Zəhra Allahverdiyeva, Ruqiyyə Qəmbərqızı, Lalə Əlizadə, Xanəli Babayev, Elnarə Zeynalova və Siracəddin Hacı kimi alimlərin tədqiqatları yer alıb.