ELM VƏ TƏHSİL
Azərbaycan elminin müqəddəs ocağı
![Azərbaycan elminin müqəddəs ocağı](/files/2015/3/1200x630/14469182472740959215_1200x630.jpg)
Bakı, 7 noyabr, AZƏRTAC
Bu il respublikanın ali elmi qurumu olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 70 ili tamam olur. Bu illər ərzində ölkənin bütün elmi potensialını özündə cəmləyən AMEA şərəfli tarixi yol keçib, Azərbaycan elminin inkişafında böyük rol oynayan neçə-neçə alim və tədqiqatçılar yetişdirib, mühüm elmi nailiyyətlərə imza atıb. Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında akademiyanın müstəsna rolu var. AMEA 70 ildə Azərbaycan elminə mühüm töhfələr verib. Bu elm məbədi ölkəmizin sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında həmişə yaxından iştirak edib.
AMEA-nın yaradılması ölkəmizin elm tarixinə şərəf gətirən hadisədir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələsində bu elm məbədi mühüm rol oynayıb. Azərbaycan cəmiyyətində müasirləşmə istiqamətində həyata keçirilən bütün proqramların icrasında bu elm ocağı mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak edib.
Bu müqəddəs elm məbədinin tarixi 1945-ci ildən başlayır. Həmin il martın 27-də Azərbaycan SSR Elmlər Akademiyası təsis olunub. Martın 31-də isə akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında tanınmış həkim, əməkdar elm xadimi, akademik Mir Əsədulla Mirqasımov bu ali elmi təşkilatın ilk prezidenti seçilib.
Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilib. Ulu Öndər elmə, alimlərə həmişə yüksək qiymət verib. AMEA-nın inkişafının böyük bir mərhələsi bu dahi şəxsiyyətin adı ilə birbaşa bağlıdır. Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilib. Bu tarixi Fərman Azərbaycanda fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Ümummilli Liderin 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verilib, onun Nizamnaməsinə dövlət sənədi, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verilib. Beləliklə, AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaranıb, akademiyanın fəaliyyət dairəsi genişlənib, səlahiyyətləri artıb, qarşısına məsul dövlət vəzifələri qoyulub.
Prezident İlham Əliyev elm, təhsil və mədəniyyət sahəsində ümummilli lider Heydər Əliyev strategiyasını, proqramını və qayğıkeşliyini ardıcıl davam etdirir. Dövlətimizin başçısı akademiyanın ölkədə elmin təşkili və inkişafındakı böyük xidmətlərini nəzərə alaraq “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 mart tarixli Sərəncam imzalayıb.
Ölkə Prezidentinin müvafiq sərəncamları ilə akademiyanın bir qrup əməkdaşının orden, medal və fəxri adlarla, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunması, səkkiz nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi elmimizə göstərilən diqqət və qayğının yüksək nəticəsidir.
AMEA hazırda Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində və ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.