AZƏRBAYCAN GİMNASTLARI RUSİYA VƏ SLOVENİYA TURNİRLƏRİNDƏ UĞURLA ÇIXIŞ ETMİŞLƏR
Qrup komandamız bu mövsümdə fəxri kürsüyə ikinci dəfə (fevralda Estoniya turnirində qalib gəlmişlər) qalxdığı halda, Aliyə Qarayeva bürünc medalı ilk dəfə qazanmışdır. İdmançımız mütləq birincilikdə 59,483 balla 3-cü yerə çıxmışdır. İlk iki yerə isə yenə də Rusiya gimnastları - Yevgeniya Kanayeva və Aleksandra Solovyova sahib olmuşlar.
Milli bayrağımız Lyublyanada keçirilən VIII “Slovenian Çəlinc” yarışında da dalğalanmışdır. Dinara Gimatova çoxnövçülükdə 58,417 balla bürünc medala layiq görülmüşdür. Fəxri kürsüdə onunla yanaşı belaruslu İnna Jukova və Rusiya nümayəndəsi Svetlana Putintseva dayanmışdılar.
Mətbuat xidmətindən bildirmişlər ki, Dinara Gimatova aprelin 8-9-da Lyublyanada keçiriləcək başqa yarışda da iştirak edəcəkdir. Həmin turnirdə ölkəmizin digər nümayəndəsi Zeynəb Cavadlı yeniyetmələr proqramı üzrə gücünü sınayacaqdır.
Aliyə Qarayeva isə Anna Qurbanova ilə birlikdə Yunanıstanın Saloniki şəhərində keçiriləcək növbəti beynəlxalq turnirə yollanacaqdır.