AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ AVROPA ÇEMPİONATINDA MEDAL QAZANMAĞA ŞANSLIDIRLAR
AZƏRTAC xəbər verir ki, Finlandiyanın Tampere şəhərində güləş üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatı keçirilir. Yarışın ilk günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində olan sərbəst güləşçilər qüvvələrini sınayırlar.
Azərbaycan idmançıları Abil İbrahimov (55 kq), Emin Əzizov (66 kq), Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) yarışın ilk günündə mübarizəyə qoşulublar.
İdmançılarımızdan A.İbrahimov dörddəbir finalda məğlub olsa da, E.Əzizov yarımfinala çıxıb. Lakin bu mərhələdə həmvətənimiz Koba Kakaladzeyə (Gürcüstan) məğlub olub.
Millimizin legioneri Novruz Temrezov ilk cəhddə Armand Zvirbulislə (Latviya) qarşılaşıb. Güləşçimiz ilk hissədə 3:0, növbəti görüşdə isə 6:0 hesablı qələbə qazanaraq, dörddəbir finala yüksəlib. Növbəti cəhddə Sərhat Balçını (Türkiyə) da məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Finala vəsiqə uğrunda N.Temrezov rusiyalı dünya çempionu Georgi Ketoevlə üz-üzə gəlib. Amma güləşçimiz rəqibinə uduzaraq, həlledici mərhələyə çıxmaq şansını itirib.
Ağır çəki dərəcəsində mübarizə aparan Əli İsayev səkkizdəbir finalda Sergey Dyomini (Latviya) məğlubiyyətə uğradıb. O, növbəti görüşünü belaruslu Aleksey Matsiapanauya qarşı keçirib. Bu mərhələdə də qələbə qazanan idmançımız yarımfinalda mübarizə aparmaq hüququ qazanıb. Onun rəqibi David Modzmanaşvili (Gürcüstan) olub. Ə.İsayev də rəqibinə uduzaraq, finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, yarımfinalda uduzan idmançılarımızın rəqibləri Avropa çempionu adını qazanarsa, onda həmvətənlərimiz bürünc medal uğrunda mübarizə aparacaqlar.