Azərbaycan Hesablama Palatasının nümayəndələri Sankt-Peterburqda səfərdə olublar
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olub.
AZƏRTAC-a Hesablama Palatasından verilən məlumata görə, səfərdə məqsəd 2019-cu ildə keçiriləcək Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) növbəti konqresinə hazırlıq üçün “dəyirmi masa” ətrafında müzakirələrdə iştirak etməkdir.
Konqresdən sonra növbəti üç il ərzində bu mötəbər təşkilatda sədrlik səlahiyyətini icra edəcək Rusiya Federasiyasının Hesablama Palatası bu toplantını 22-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil edib. Konqres INTOSAI-nin ali orqanı olaraq dünya AAQ-ları üçün ən aktual mövzuları müzakirə edir və sonrakı illər üçün inkişaf strategiyalarını müəyyən edir. Konqresə konseptual hazırlıq məqsədilə müvafiq İşçi Qrup yaradılmış və Azərbaycan AAQ-ı da bu təşəbbüsə qoşulub. İşçi Qrupun bir neçə görüşü təşkil edilmiş, telekonfrans vasitəsilə müzakirələr aparılıb. Nəticədə, İşçi Qrupun məsul olduğu “Ali Audit Qurumlarının milli prioritet və məqsədlərə nail olunmasında rolu” mövzusu ilə bağlı olan və Konqresdə təsdiq olunaraq ümumi strategiya üçün təməl olacaq sənəd layihəsi hazırlanıb.
Hazırlanmış sənəd layihəsinin təqdimatı və müzakirəsi üçün beynəlxalq forumda keçirilən “dəyirmi masa”da 20 təşkilatı təmsil edən nümayəndə heyəti iştirak edib. Rusiya Federasiyasının Hesablama Palatasının sədri Aleksey Kudrin tədbir iştirakçılarını salamlayaraq sənəd layihəsi barədə məlumat verib. “Dəyirmi masa”da ilk olaraq gözlənilən konqresin mövzuları üzrə hazırlanmış sənəd layihələri təqdim edilib. Müzakirələrdə INTOSAI-nin baş katibi, Avstriya AAQ-ın rəhbəri Margit Krakerin hazırlanmış sənəd layihələrinə dair şərhləri dinlənilib, digər nümayəndə heyətlərinin məsul təmsilçilərinə söz verilib. Yekun olaraq konqresə hazırlıq prosesinin növbəti mərhələləri üzrə görülməli işlərin davam etdirilməsi qərara alınıb.
Səfər proqramına əsasən Hesablama Palatasının nümayəndə heyəti forumun digər tədbirlərində iştirak edib. Hesablama Palatası Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ilk dəfə 2016-cı ildə iştirak edib. 1997-ci ildən keçirilən bu beynəlxalq forumun əsas missiyası həm özəl sektor, həm də ictimai və dövlət sektorunun nümayəndələrini bir araya gətirir.
Səfər çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla Sankt-Peterburq Nəzarət Hesablama Palatasının sədri Vadim Lopatnikov arasında görüş olub. Görüşdə federasiya subyekti səviyyəsində kənar dövlət auditi funksiyasının həyata keçirilməsinin xüsusiyyətləri və digər məsələlər barədə ətraflı məlumat verilib.