AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ MOSKVA VİLAYƏTİNİN HÖKUMƏTİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Noyabrın 25-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının hökuməti ilə Rusiya Federasiyası Moskva vilayətinin hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin imzalanma mərasimi olmuşdur.
Saziş imzalanmazdan əvvəl baş nazir Artur Rasizadə Moskva vilayətinin qubernatoru, vilayət hökumətinin sədri Boris Qromovla və nümayəndə heyətinin üzvləri ilə görüşdü.
Artur Rasizadə qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Moskva vilayətinin mötəbər nümayəndə heyətinin səfəri Azərbaycan-Rusiya münasibətlərinin, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində daha bir addımdır. O, xüsusi vurğuladı ki, Vladimir Putin Prezident seçildikdən sonra ölkələrimiz arasında münasibətlərdə böyük yüksəliş müşahidə olunur. Dövlət başçılarının səfərləri, ikitərəfli sənədlərin imzalanması qarşılıqlı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışdır. Beləliklə də bütün mövcud məsələlər - Qəbələ RLS, Xəzər dənizinin sektorlara bölünməsi ilə bağlı problemlər qarşılıqlı surətdə məqbul şərtlərlə həll olunmuşdur. Ticarət-iqtisadi və hərbi-texniki sahələrdə əməkdaşlıq da uğurla davam etdirilir. Bununla belə, əmtəə dövriyyəsinin indiki həcmi ötən ilin müvafiq dövründəkinə nisbətən 2 dəfə artsa da, mövcud potensialı əks etdirmir. A. Rasizadə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının tərkibində Moskva vilayəti üzrə xüsusi qrup yaradılması barədə Boris Qromovun təklifini yüksək qiymətləndirdi.
Baş nazir qonaqlara ölkəmizin iqtisadiyyatında əldə edilmiş nailiyyətlərdən də bəhs etdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində nizama salınması prosesi barədə də danışdı və təəssüflə bildirdi ki, bu məsələdə hələlik bir nəticə əldə olunmayıbdır.
Boris Qromov dedi ki, Azərbaycana, həqiqətən, hörmət bəsləyən və onu sevən nümayəndə heyətinin bütün üzvləri Prezident Heydər Əliyevin Rusiyaya münasibətini yüksək qiymətləndirirlər. O, dövlətimizin başçısı ilə dəfələrlə görüşdüyünü xatırladaraq bildirdi ki, çox şey - sabitlik, Azərbaycanın, bütün insanların firavanlığı ondan asılıdır. Rusiyada hələlik aparılmamış torpaq islahatının həyata keçirilməsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirdi.
Boris Qromov Moskva vilayətində iqtisadiyyat və sosial sahədə uğurlar barədə ətraflı məlumat verərək dedi ki, bu uğurlar tərəfdaşlarla, o cümlədən azərbaycanlı tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində əldə olunmuşdur. Onun fikrincə, Azərbaycanla Moskva vilayəti arasında 13,2 milyon dollar məbləğində əmtəə dövriyyəsi mövcud potensiala əsla uyğun deyildir.
Görüşdən sonra baş nazirin birinci müavini Abbas Abbasov və Moskva vilayətinin qubernatoru Boris Qromov ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzaladılar.
Mərasimdə Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov, Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayev, digər rəsmi şəxslər iştirak edirdilər.