Ramil Həsən: TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 11-də TÜRKPA Beynəlxalq Katibliyinin və Dünya Türk İş Şurasının (DTİK) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə tədbir keçirilib.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması çərçivəsində təşkil edilən tədbir Türk dünyasının mədəni irsinin təbliği, iqtisadi əməkdaşlığa dair yanaşmanın formalaşdırılması, işgüzar əlaqələrin genişləndirilməsi, həmçinin türk dövlətləri arasında mədəni və iqtisadi inteqrasiyanın gücləndirilməsi məqsədlərini daşıyıb.
DTİK-in Azərbaycandakı nümayəndəsi Barış Altıparmak təşkilatın 90 ölkədə fəaliyyət göstərdiyini və Türk Dövlətləri Təşkilatının (TDT) “Türk dünyasına baxış-2040” sənədinə uyğun olaraq üzv dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığa töhfə verdiyini bildirib. Qeyd edib ki, “Birlikdə daha güclüyük” şüarı artıq regional çərçivəni aşaraq qlobal geosiyasi reallığa çevrilib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və Türk Dövlətləri Təşkilatı tərəfindən qəbul edilən 1-ci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafı və TDT-nin qərarlarının milli qanunvericiliyə inteqrasiyasının asanlaşdırılması istiqamətində mühüm rol oynayır.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün TÜRKPA-nın fəaliyyətinin əhəmiyyətini vurğulayaraq onun türk dövlətləri arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini bildirib. Diqqətə çatdırıb ki, qlobal geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda Türk dünyasının strateji əhəmiyyəti artır və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq modeli XXI əsrə yönəlmiş tərəfdaşlıq baxışını əks etdirir.
Tədbir iştirakçıları türk dövlətləri arasında əməkdaşlığın və əlaqələrin daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində Azərbaycan bəstəkarı və pianoçu Turan Manafzadənin konserti, eləcə də rəsm sərgisi nümayiş etdirilib.