AZƏRBAYCAN İLƏ BMT ARASINDAKI ƏLAQƏLƏRİN İNKİŞAFINDA GƏNCLƏRİN ROLU ƏHƏMİYYƏTLİDİR
AZƏRTAC xəbər verir ki, avqustun 19-da Xətai rayonundakı 3 nömrəli uşaq evində Birləşmiş Millətlər Təşkilatının İctimai informasiya departamenti (BMT İİD) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 60-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
BMT İİD-nin ictimai informasiya üzrə əlaqələndiricisi Gülşən Paşayeva Azərbaycan və BMT arasında əlaqələrdən danışmış, bu işdə gənc nəslin mühüm rol oynayacağını vurğulamışdır.
Uşaq evinin direktoru Zöhrə Hüseynova burada 105 uşağın tərbiyə aldığını, onların asudə vaxtlarının səmərəli keçdiyini, müxtəlif dərnəklərin fəaliyyət göstərdiyini bildirmişdir. O, Azərbaycanda gənc nəslin inkişafına göstərilən dövlət qayğısından da danışmışdır.
Tədbirdə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına aid kitabçalar paylanmışdır.