SİYASƏT
Azərbaycan ilə Kanada arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
![](/files/galleryphoto/2013/3/1200x630/14079266731432264085_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926673422653208_1200x630.jpg)
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Kanada Parlamentində Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun illik görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev iştirak etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırkı durumu, inkişaf perspektivləri müzakirə olunmuşdur.
Səfir F.Şəfiyev ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, parlamentlərarası əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafında önəmli rol oynadığını qeyd etmişdir. Bu baxımdan iki ölkənin parlamentlərinin deputatlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırmış, bu ilin aprelində kanadalı deputatlardan ibarət nümayəndə heyətinin ölkəmizə uğurlu səfərini xatırlatmış və səfərlə bağlı xoş təəssüratlarını bölüşmüşdür.
Müzakirələr zamanı Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi, regionda geosiyasi vəziyyət, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərə toxunulmuşdur.