Azərbaycan ilə Küveyt arasında humanitar-mədəni əlaqələr daha da möhkəmlənəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Emil Kərimovun bu ölkənin Xarici İşlər Nazirliyinin İnsan hüquqları idarəsinin rəisi xanım Cavahir İbrahim Dueyc Əl-Sabah ilə görüşündə iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki dost ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ərafında fikir mübadiləsi aparılıb.
Sonda xanım Cavahir Əl-Sabaha Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr olunmuş ərəb dilində çapdan çıxmış kitablar və üzərində Şuşanın təsviri olan xalça hədiyyə edilib.
Səfir Emil Kərimovun Küveyt Milli Kitabxanasının rəhbəri Saad Al-Enazi ilə görüşündə isə iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə iki ölkənin tarixçiləri və tədqiqatçılarının Azərbaycanın və Küveytin kitabxanalarında elmi araşdırmalar aparması, habelə təcrübə mübadiləsinin faydalı olacağı bildirilib.
Səfir Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevaya həsr olunmuş ərəbcəyə tərcümə edilmiş kitabları Küveyt Milli Kitabxanasının fonduna təqdim edib.