AZƏRBAYCAN İLƏ MACARISTAN ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayan nazir E.Məmmədyarov, Azərbaycan ilə Macarıstan arasında bir çox sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Nümayəndə heyətinin rəhbəri A.Barşoni Azərbaycanın Macarıstanda səfirliyinin açılması ilə əlaqədar dərin təşəkkürünü bildirmiş və gələcəkdə ölkəmizdə Macarıstanın diplomatik missiyasının açılmasında maraqlı olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın bölgədəki yeri və rolundan söz açan qonaq, Macarıstanın ölkəmizlə müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmiş və nazir Elmar Məmmədyarovu Macarıstana səfərə dəvət etmişdir. Daha sonra qonaq Macarıstanın iqtisadi, daxili və xarici siyasəti haqqında ətraflı məlumat vermişdir.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin mövcud vəziyyətindən danışaraq, onu genişləndirməyin vacibliyini vurğulamışdır. Nazir bununla əlaqədar qarşılıqlı biznes-forumların keçirilməsni təqdirəlayiq hal hesab etmişdir. Əlaqələrin möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanmış, Azərbaycanın bölgədəki rolu və regional iqtisadi layihələrdə iştirakı haqda qonaqlara ətraflı məlumat verilmişdir. Daha sonra nazir E. Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə, Avropa və Avratlantika institutlarına inteqrasiyaya ölkəmizin böyük önəm verdiyini söyləmişdir. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri A.Barşoni qarşılıqlı biznes-forumlarının keçirilməsini yüksək qiymətləndirdiyini nəzərə çatdıraraq, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün iqtisadiyyatın qeyri-neft sahələrində, o cümlədən kənd təsərrüfatı, turizm, əczaçılıq və digər sahələrdə imkanların mövcudluğundan danışmış və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Qonaq Azərbaycanın Avropa və Avratlantik strukturlara inteqrasiyasında ölkəmizlə əməkdaşlığa və Macarıstanın bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Barşoni, Macarıstan hökumətinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və sülh yolu ilə nizamlanmasını dəstəklədiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.