AZƏRBAYCAN İLƏ QAZAXISTANIN PARLAMENTLƏRİ ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parlamentin sədri Oqtay Əsədov iyunun 4-də Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Serik Primbetov ilə görüşmüşdür. Milli Məclisin sədri S.Primbetovu Azərbaycanda yeni səfir təyin olunması münasibətilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdı.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayan Milli Məclisin sədri, əməkdaşlığımızın inkişafı üçün geniş perspektivlər olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Sədr demişdir ki, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərimiz parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Milli Məclisdə Qazaxıstanın ali qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir, Qazaxıstanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərdiyini, bu münasibətlərin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.