Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir
Bişkek, 5 iyun (AZƏRTAC). Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Qırğızıstan parlamenti - Joqorku Keneşin sədri Asılbek Jeenbekovla görüşmüşdür.
Azərbaycanın son illərdə qazandığı uğurlardan söz açan A.Jeenbekov iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulamış və iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırmışdır.
Mədəniyyət sahəsində əməkdaşlığa toxunan parlamentin sədri son vaxtlar bu istiqamətdə mühüm işlərin görüldüyünü qeyd etmişdir. O, ötən ilin dekabrında Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsini, Bişkekdə Azərbaycanın Xalq Yazıçısı Anarın yaradıcılıq gecəsinin təşkilini müsbət hal kimi dəyərləndirmişdir.
Parlamentin sədri Azərbaycan və qırğız xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində xüsusi xidmətləri olmuş ulu öndər Heydər Əliyevin adına Bişkekdə parkın salınması qərarını təqdir etmiş, bunu obyektiv reallıq kimi qiymətləndirmişdir.
Səmimi sözlərə görə Asılbek Jeenbekova təşəkkürünü bildirən səfir Hidayət Orucov son vaxtlar Azərbaycan ilə Qırğızıstan parlamentləri arasında əlaqələrin genişləndirilməsindən söz açmış və iki ölkə arasında hərtərəfli əməkdaşlığın daha da yüksəldilməsinin vacibliyini vurğulamışdır.
Diplomat Azərbaycan-Qırğızıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının iclasına hazırlıqdan da söhbət açmış və demişdir ki, bu, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek