Azərbaycan ilə UNECE arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə UNECE arasında əməkdaşlıq gündəliyi və perspektivləri, eləcə də SPECA daxil olmaqla, ölkəmizin Orta Asiya ilə əlaqələri və bu çərçivədə UNECE-nin mümkün rolu müzakirə olunub.
Nazir Ceyhun Bayramov UNECE-nin əhatə dairəsinə daxil olan ətraf mühit, enerji, şəhər planlanması və s. istiqamətlərdə birgə səylərin artırılmasının vacibliyini vurğulayıb. SPECA-nın əsasının qoyulmasından etibarən ölkəmizin bu platforma çərçivəsində fəaliyyətə fəal töhfə verdiyini, bu istiqamətdə, xüsusilə Mərkəzi Asiya ölkələri ilə üçtərəfli əməkdaşlıq formatlarının mövcudluğunun birgə uğurlu layihələrin həyata keçirilməsinə daha böyük təkan verdiyini diqqətə çatdırıb.
SPECA ölkələri ilə müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, alternativ enerji mənbələri, nəqliyyat, kommunikasiyalar, ətraf mühit, innovasiyalar, dayanıqlı inkişaf məqsədləri və digər sahələrdə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd olunub. Xüsusilə, regional nəqliyyat və kommunikasiya xətlərinin inkişafı, o cümlədən Orta Dəhlizin imkanlarının genişləndirilməsi sahəsində mövcud təşəbbüslər və layihələrin əhəmiyyəti vurğulanıb.
2023-cü ildə SPECA-ya sədrliyimiz dövründə bu platforma çərçivəsində əməkdaşlığın gücləndirilməsi, habelə SPECA ölkələrinin ikitərəfli, regional və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Bakıda keçirilən SPECA həftəsi çərçivəsində baş tutacaq SPECA Sammitinin bu səylərin vacib nəticələrindən biri olduğunu qeyd edib.
Tatyana Molçan, Azərbaycanın SPECA-ya sədrliyi dövründə onun müasir dövrün çağırışlarına uyğun platformaya çevrilməsi istiqamətində göstərdiyi səylərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə növbəti gün Bakıda keçiriləcək SPECA Zirvə görüşünün regional və beynəlxalq çağırışların fonunda Proqram çərçivəsində əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rol oynayacağına dair ümidvarlıq ifadə olunub.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.