“AZƏRBAYCAN İNDONEZİYA TƏLƏBƏLƏRİNİN GÖZÜ İLƏ” MÜSABİQƏSİNİN QALİBLƏRİ ELAN EDİLMİŞDİR
Azərbaycanın İndoneziya və eyni zamanda Filippindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, İndoneziyanın Trisakti Universitetində ümummilli lider Heydər Əliyevin 85-ci ildönümünə həsr edilmiş “Azərbaycan İndoneziya tələbələrinin gözü ilə” müsabiqəsinin qaliblərinin elan edilməsi məqsədi ilə tədbir keçirilmişdir.
Trisakti Universitetinin rektor müavini Sutan Assin toplantıda çıxış edərək bildirmişdir ki, belə tədbirlərin keçirilməsi Azərbaycan ilə İndoneziya arasında əlaqələrin genişləndirilməsinə müsbət təsir edəcəkdir.
Səfirliyin müvəqqəti işlər vəkili Mətin Mirzə tədbirdə çıxış etmişdir. O, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, hələ sovet dövründə Azərbaycana rəhbərliyindən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində fəaliyyətindən danışmış, 1990-cı ilin qanlı Yanvar hadisələrinə Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatının əsil vətənpərvər insanın cəsarətli addımı olduğunu diqqətə çatdırmışdır. Mətin Mirzə çıxışında 1993-cü ildə Heydər Əliyevin Naxşıvandan Bakıya gəlişinin və prezident seçilməsinin Azərbaycan xalqının arzusu və iradəsi olduğunu xüsusi vurğulamış və məhz bu illərdən başlayaraq ölkənin həyatında inkişafa doğru dönüş yarandığını bildirmişdir. Bakı-Tbilisi-Ceyhan neft və Baki-Tbilisi-Ərzurum qaz kəmərlərinin, 1998-ci ildə Bakıda keçirilmiş Böyük İpək Yolu tarixi konfransının və s. belə iqtisadi tədbirlərin Heydər Əliyev dühasının məhsulu olduğunu diqqətə çatdırmış, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara, Avropa institutlarına, dünya dövlətlərinə inteqrasiyasında ümummilli liderin fədakar əməyinin Azərbaycan üçün unudulmaz, əvəzsiz xidmət olduğunu qeyd etmişdir. O, universitetin tələbələrinə müsabiqəyə qoşulduqları üçün minnətdarlığını bildirmişdir.
Müsabiqə qalibləri səfirlik əməkdaşları və Triskati Universitetinin rektor müavini Sutan Assin tərəfindən birgə müəyyən edilmiş və onlara pul mükafatları, səfirlik tərəfindən hazırlanmış xüsusi sertifikatlar, ingilis və İndoneziya dillərində nəşr etdirilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları barədə kitablar və DVD təqdim edilmişdir.
Universitetin müəllim və tələbə heyəti səfirlik tərəfindən hazırlanmış “Heydər Əliyevin həyatı və fəaliyyəti” mövzusunda fotosərgi ilə də tanış olmuşlar.
Tədbirdə “The Jakarta Post”, “Republika” qəzetlərinin və “Radio Indonesia” radiosunun jurnalistləri iştirak etmişlər.