AZƏRBAYCAN JURNALİSTLƏRİNİN I QURULTAYI
Martın 15-də Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan jurnalistlərinin I qurultayı keçirilmişdir. Qurultayda respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 401 nümayəndəsi iştirak edirdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Qurultay nümayəndələri torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra qurultayın işçi orqanları - say və mandat komissiyaları, katiblik seçildi. “RUH” Jurnalistləri Müdafiə Təşkilatının sədri Əflatun Amaşov qurultayın təşkilat komitəsinin fəaliyyəti barədə hesabatla çıxış etdi.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu. Respublikamızın rəhbəri demokratiya və aşkarlığın mühüm vasitəsi kimi, Azərbaycan mətbuatının müstəqil dövlət və azad vətəndaş cəmiyyəti quruculuğunda müstəsna rol oynadığını, ölkəmizdə kütləvi informasiya vasitələrinə qayğının artırılmasına yönəldilmiş tədbirlər görüldüyünü vurğulamaqla yanaşı, ümidvar olduğunu bildirir ki, qurultayda seçiləcək Mətbuat Şurası demokratiyaya və söz azadlığına xidmət edən nüfuzlu quruma çevriləcəkdir. (Dövlətimizin başçısının təbrikinin mətni qəzetin bügünkü nömrəsinin birinci səhifəsində dərc olunur.)
Avropa Şurasının da Azərbaycan jurnalistlərinə təbrik məktubu oxundu.
Sonra gündəliyə daxil edilmiş məsələlərin müzakirəsinə başlandı. Əvvəlcə qurultayda yaradılacaq Mətbuat Şurasının Nizamnaməsi və Azərbaycan jurnalistlərinin peşə etikası kodeksi müzakirə edildi. Verilən təkliflər nəzərə alınmaqla, hər iki sənəd qurultay nümayəndələri tərəfindən qəbul olundu.
Mətbuat Şurası ilə əlaqədar sənədlər təsdiq olunduqdan sonra qurultay iştirakçıları bu qurumun 9 nəfər jurnalistdən və 6 nəfər ictimaiyyət nümayəndəsindən ibarət üzvlərini seçdilər. Əflatun Amaşov gizli səsvermə yolu ilə Mətbuat Şurasının sədri seçildi.