Azərbaycan Kibertəhlükəsizik Mərkəzinin məzunu: Fişinq Azərbaycanda çox ciddi problemlərdəndir
Bakı, 31 yanvar, AZƏRTAC
Öncə təhsilimi Azərbaycan-Fransız Universitetində kompüter elmləri üzrə almışam. Ailəm mənim bu sahədə bilik qazanmağımı və fəaliyyətimi dəstəkləyib. Kiçik yaşlarımdan bu sahəyə marağım olub. Sadəcə universitet təhsili zamanı seçim çox az olduğu üçün kibertəhlükəsizliklə bağlı yalnız təməl biliklərim var idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu, Fişinq linklərinin hazırlanmasında ən yüksək nəticə göstərən Mehriban Məmmədova deyib.
Azərbaycan Kibertəhlükəsizik Mərkəzi (AKM) barədə öyrəndiyini deyən M.Məmmədova AKM-ə müraciət etdiyini və seçim mərhələlərindən uğurla keçdiyini bildirib.
“Kibertəhlükəsizlik sahəsində təhsil almaq istəyən gənclərə ilk öncə bakalavr təhsilini bu istiqamətdə almaqlarını tövsiyə edərdim. Çünki Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almaq üçün müəyyən biliklərə sahib olmaq lazımdır. Xarici mütəxəssislərin biliklərindən faydalanmaq üçün ingilis dil biliyi də önəmlidir. Lakin az biliklə AKM-ə qəbul olub yaxşı nəticə göstərən məzunlar çoxdur”, - deyə M.Məmmədova əlavə edib.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində Fişinq linklərinin hazırlanmasında ən yüksək nəticə göstərən AKM-nin məzunu Mehriban Məmmədova qeyd edib ki, fişinq ölkəmizdə çox ciddi problemlərdəndir: “Çünki insanların əksəriyyəti onlara gələn elektron poçt məktublarında qeyri-müəyyən linklərə daxil olurlar. Bundan istifadə edən kiberdələduzlar vətəndaşlarımızın şəxsi məlumatlarını oğurlayır, sonra onların şəxsi bank hesablarından pul oğurlayırlar. Buna görə biz həm vətəndaş olaraq, həm də kibertəhlükəsizlik mütəxəssisi olaraq daim bu sahədə biliklərimizi artırmalıyıq”, - deyə M.Məmmədova vurğulayıb.