CƏMİYYƏT
Azərbaycan Könüllüləri Zəfər Günü münasibətilə silsilə tədbirlərdə iştirak ediblər
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər həyata keçirilib.
AKTİ-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan könüllülərinin iştirakı ilə Zəfər Parkına təşkil edilən ekskursiya zamanı iştirakçılar Qələbə rəmzi olan memorial abidəni ziyarət edərək, Vətən müharibəsində Azərbaycanın şanlı ordusunun göstərdiyi şücaətə bir daha şahidlik ediblər.
“Dirçələn Qarabağ - könüllülərin gözü ilə” süni intellekt müsabiqəsində könüllülər Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini rəsm əsərlərində əks etdiriblər. Bu müsabiqə onların yaradıcılığını üzə çıxartmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə baş verən inkişaf proseslərinə maraq oyatmaq məqsədi daşıyıb. Həmçinin, AKTİ-yə üzv təşkilatlar arasında “Zəfər Liqası” mini futbol yarışı təşkil ediləcək. Yarış zamanı müxtəlif könüllü təşkilatlarını təmsil edən komandalar bir araya gələrək idman bacarıqlarını nümayiş etdirəcək.
Azərbaycan Könüllülərinin iştirakı ilə Vətən müharibəsində əldə edilmiş Zəfərin dördüncü ilinə həsr olunmuş “Zəfərin Səsi” musiqili bədii proqram keçirilib. Proqramda Azərbaycan Könüllülərinin – “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının, “Gənc Könüllülər” İctimai Birliyinin istedadlı könüllüləri, tanınmış gənc ifaçılar Cavidan Fatehi və Fərid Mərdin iştirakı ilə özündə vətənpərvərlik hisslərini ehtiva edən musiqilər səsləndirilib. Həmçinin Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, fotojurnalist Vüqar İbadovun təqdimatında Vətən müharibəsi zamanı çəkilmiş ordu həyatını əks etdirən fotolar nümayiş etdirilib.
Azərbaycan xalqının tarixində və ruhunda dərin izlər buraxan Zəfər Günü, ölkəmizin gələcək nəsillərinə vətənə bağlılıq və qəhrəmanlıq mesajını çatdırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. Azərbaycan xalqı Vətən torpağı üçün hər zaman canını fəda etməyə hazır idi. Biz bir xalq olaraq əyilmədik, sınmadıq, bir amal uğrunda birləşdik və qalib gəldik.”
Bu tədbirlər vasitəsilə Azərbaycan Könüllüləri Vətənə bağlılıqlarını bir daha nümayiş etdirərək, milli birliyimizin nə qədər güclü olduğunu göstəriblər.