AZƏRBAYCAN KREDİT İTTİFAQLARI ASSOSİASİYASININ BEŞ İLLİYİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) beş illiyinə həsr edilmiş 3-cü illik konfrans açılmışdır.
AKİA idarə heyətinin sədri Elçin Bağırov bildirmişdir ki, təşkilat ötən illər ərzində kifayət qədər iş görmüşdür. Assosiasiya Milli QHT Forumunun, Beynəlxalq Mikromaliyyə Mərkəzinin (MFC), Ümumdünya Qeyri-Hökumət Təşkilatları Assosiasiyasının (WANGO) üzvüdür. AKİA cari ildə Dünya Kredit İttifaqları Şurasının (WOCCU) üzvü olmağa hazırlaşır.
E.Bağırov demişdir ki, hazırda quruma ölkədə fəaliyyət göstərən 78 kredit ittifaqından 51-i daxildir. Kredit ittifaqlarının fəaliyyəti iqtisadi inkişafa yönəlmişdir. Onlar yoxsulluğa qarşı mübarizə aparır, bərabərsizliyi azaldır və iqtisadi inkişafı stimullaşdırırlar. AKİA Maliyyə və Kənd Təsərrüfatı nazirlikləri ilə imzalanmış sazişə əsasən, Dünya Bankının kənd kreditləşmə layihəsini həyata keçirir və 40 mindən çox fiziki şəxs bu layihə üzrə kredit almışdır. Qurumun əsas fəaliyyəti mövcud kredit ittifaqlarının (Kİ) şəbəkəsini ölkə və beynəlxalq səviyyədə genişləndirmək, onları təlimləndirmək, donor təşkilatlarla əlaqə yaratmaqdır.
Elçin Bağırov vurğulamışdır ki, konfransın əsas mövzuları Azərbaycanda akademik kredit ittifaqlarının (universitetlərin daxili kredit ittifaqları) yardılması və assosiasiyanın 5 il ərzində gördüyü işləri geniş təhlil etməkdir.
Konfransda ABŞ-ın Harvard, Massaçusest universitetlərinin nümayəndələri, Rusiya Kredit İttifaqları Liqasının, Qırğızıstan və Litva kredit ittifaqları assosiasiyalarının sədrləri iştirak etmişlər.
Vurğulanmışdır ki, tezliklə AKİA-nın internet saytı açılacaqdır. Azərbaycan, ingilis və rus dillərində təqdim ediləcək saytda istifadəçilər AKİA-nın fəaliyyəti, ölkədə və dünyada kredit kooperasiyasının vəziyyəti, bu sahə ilə bağlı digər maraqlı məlumatlar əldə edə biləcəklər.
Tədbirdə AKİA tərəfindən kredit ittifaqlarının inkişaf etdirilməsinə kömək göstərən şəxslərə fəxri fərmanlar təqdim edilmişdir.
Konfransın ilk günündə “Azərbaycanda Dünya Bankının layihələri və kredit ittifaqlarının inkişafı”, “Kənd Təsərrüfatının kreditləşməsi layihəsi”, “Qırğızıstanda kredit ittifaqlarının hərəkatı” və digər mövzularda məruzələr dinlənilmişdir.
İki gün davam edəcək tədbirdə kredit ittifaqlarının təşəkkülündə mütərəqqi dünya təcrübəsinin öyrənilməsi, ən yaxşı təcrübələr, yeni ideyalar, təkliflər, hökumətin və donor təşkilatların bu sahənin inkişafında rolu mövzularında müzakirələr aparılacaqdır.
######
![]() |
![]() |

