AZƏRBAYCAN-LİTVA İQTİSADİ ƏLAQƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Heydər Babayev qonağa ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar, qazanılmış uğurlar barədə məlumat vermişdir. O, həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda dinamik iqtisadi inkişafa nail olunduğunu, ötən il bir sıra sahələrdə artım tempinə görə ölkəmizin nəinki MDB məkanında, eləcə də dünya ölkələri arasında öncül yerlərdən birini tutduğunu vurğulamışdır. Nazir demişdir ki, əlverişli biznes mühitinin yaradılması xarici sərmayədarların Azərbaycana marağını daha da artırmış, ölkəmizə xarici sərmayələrin axını güclənmişdir. 2005-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 5,4 milyard AZN və ya əvvəlki ildəkindən 12,7 faiz çox sərmayə yönəldilmişdir.
Ölkəmizdə beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verildiyini qeyd edən iqtisadi inkişaf naziri, Azərbaycan ilə Litva arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu diqqətə çatdırmışdır. O, 2005-ci ildə Azərbaycan ilə Litva arasında ticarət dövriyyəsinin 7 milyon ABŞ dolları təşkil etdiyini xatırladaraq, ölkəmizin zəngin təbii ehtiyatlara, böyük əmək resurslarına malik olduğunu, hazırda ölkəmizdə sərmayə qoyuluşu üçün münbit şərait yaradıldığını vurğulayaraq, litvalı iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir V.Nauduzas ölkəsində Azərbaycana böyük maraq göstərildiyini, aparılan iqtisadi islahatların diqqətlə izlənildiyini qeyd etmiş, ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.