“Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsinin iştirakçıları Gəncədə
Bakı, 15 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyinin və Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində iştirakçılar Gəncə şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin nəzdində Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzini ziyarət ediblər.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı iştirakçılara Mərkəzin yaradılması, əsas fəaliyyət istiqamətləri, həyata keçirilən elmi tədqiqatlar və Azərbaycan–Özbəkistan elmi-mədəni əlaqələrinin inkişafındakı rolu barədə ətraflı məlumat verilib.
Bildirilib ki, burada Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələrinə, xüsusilə Nizami Gəncəvi və Əlişir Nəvainin irsinə dair nəşrlər, tərcümə materialları və elmi tədqiqat əsərləri toplanılıb. Qeyd olunub ki, Mərkəz iki ölkənin alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsinə, ortaq ədəbi-mədəni irsin araşdırılmasına və gənc tədqiqatçıların bu sahəyə cəlb edilməsinə mühüm töhfə verir.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb. Həmçinin Azərbaycan–Özbəkistan elmi, ədəbi və mədəni əlaqələrinin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar Mərkəzdə nümayiş etdirilən kitablar, nəşrlər və elmi materiallarla yaxından tanış olublar.