Azərbaycan Memarlar İttifaqı ilə Niderland şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Azərbaycan Memarlar İttifaqında Niderlandın “Maxwan Archcitects and Urbanist” şirkəti ilə Memarlar İttifaqı arasında əməkdaşlıq haqda müqavilə imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, müqavilənin imzalanması mərasimini giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı geniş məlumat vermiş, Niderland və Azərbaycan arxitektorları arasında əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
E.Qasımzadə Bakı şəhərinin Füzuli küçəsində yerləşən tarixi binanın sürüşdürülməsi əməliyyatını uğurla həyata keçirən Niderlandın “Bresser Eurasiya” şirkətinin işini yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, bu şirkətlə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur və yeni birgə layihənin reallaşdırılması nəzərdə tutulur.
“Maxwan Archcitects and Urbanist” şirkətinin rəhbərliyi ilə bu yaxınlarda konstruktiv görüşlərin keçirildiyini söyləyən E.Qasımzadə konkret layihələr üzrə əməkdaşlıqla bağlı qərar qəbul edildiyini nəzərə çatdırmışdır.
Mərasimdə çıxış edən Niderland krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalib Bakıya ölkəsinin tanınmış memarlarından ibarət nümayəndə heyəti ilə gəldiyini və bu əməkdaşlığa böyük məmnuniyyətlə dəstək olacağını vurğulamışdır. Qonaq Rotterdam şəhərinin maraqlı tarixindən bəhs etmiş, şəhərin bənzərsiz arxitekturasından söz açmışdır.
Bildirilmişdir ki, Bakı şəhərində insanı ilk növbədə cəlb edən onun qədim tarixidir. Odur ki, memarlar işlərinə məsuliyyətlə yanaşaraq, öz layihələrində bu amili nəzərə almalı, əsrlər boyu yaşayacaq bir forma seçilməlidir.
Görüşdə iştirak edən niderlandlı memarlar müəyyən proqramlar çərçivəsində bilik və təcrübə mübadiləsi aparılmasının zəruriliyini qeyd etmiş, arxitektura sahəsində yeni texnologiyalardan və onların Bakı şəhərində tətbiqi imkanlarından danışmışlar.
Sonda Azərbaycan Memarlar İttifaqı ilə Niderlandın “Maxwan Archcitects and Urbanist” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Mərasimdə Niderland Krallığının Azərbaycandakı səfiri Robert Jan Qabrielsen iştirak etmişdir.