AZƏRBAYCAN MƏTBUAT ŞURASI İDARƏ HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Mətbuat Şurası İdarə Heyətinin üzvləri şikayətlər üzrə komissiyanın tərkibində dəyişiklikləri müzakirə edərək bəyəniblər. Növbəti iclasda dil və hüquq komissiyalarının yeni tərkiblərini təsdiq etmək qərara alınıb. Mətbuat Şurasının rəmzləri ilə bağlı bir sıra maraqlı təkliflər irəli sürülüb. Şuranın katibliyinə həmin təkliflərlə əlaqədar şərtləri hazırlayıb idarə heyətinin müzakirəsinə təqdim etmək tapşırılmışdır. İclasda KİV-lərə məxsus xidməti avtomobillər üçün press-katların nümunələri nümayiş etdirilib. İdarə heyətinin üzvləri yekdilliklə qərara gəliblər ki, bu məsələnin bütün məqamları Azərbaycan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə müzakirə edilsin və bundan sonra Türkiyədən gətirilən həmin kartların təqdimatına başlanılsın.
Azərbaycan Xalq Cümhuriyyəti “Mətbuat nizamnaməsi”nin qəbulunun 85 və “Hümmət” qəzetinin 100 illik yubileylərinin yüksək səviyyədə keçirilməsi üçün ölkənin tanınmış mütəxəssislərinin bu işə cəlb olunması və hər iki məsələ ilə bağlı tematik tədbirlərin keçirilməsi nəzərdə tutulub. Cari məsələlərin müzakirəsi zamanı ATƏT-lə birgə keçiriləcək fotomüsabiqə barədə məlumat verilib, Space və Lider telekanallarında Şura üçün ayrılan vaxtdan istifadə olunması, qurumun fəaliyyəti barədə hazırlanacaq verilişlərin xüsusiyyəti, jurnalistika fakültələrinə qəbul zamanı abituriyentlərdən qabiliyyət imtahanının götürülməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.