AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN SƏDRİ, AKADEMİK İSMAYIL HACIYEVİN ÇIXIŞI
“Böyük Xilaskar” və “Azərbaycanın qurtuluş tarixi” kitablarının çapdan çıxması ictimai-siyasi həyatımızda çox əhəmiyyətli hadisədir. Çünki on ildən artıq mürəkkəb, kəşməkəşli tariximiz həm rəsmi sənəd və materiallar əsasında, həm də geniş təhlil və müqayisələr aparmaqla Azərbaycan ictimaiyyətinə, geniş oxuculara təqdim olunur. Açıq etiraf etməliyik ki, tariximizin bu illəri olduğu kimi, obyektiv araşdırılır. “Azərbaycanın qurtuluş tarixi” kitabı 104 fəsildən ibarətdir, burada 75 sənəd və materiallardan, 233 şəkildən istifadə olunmuş, 300-ə yaxın mənbə və ədəbiyyata, dövri mətbuat materiallarına istinad edilmişdir. Kitabın müəllifi, Milli Məclisin deputatı Abutalıb Səmədov xalqımızın ümummilli lideri, böyük xilaskar Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin on ildən artıq bir dövrünü tədqiq etmişdir. Müəllifin gəldiyi qənaət bundan ibarətdir ki, Azərbaycanımız üçün böyük xilaskarlıq missiyası Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində mümkün olmuş, milli varlığımızın və dövlətçiliyimizin taleyini bu böyük azərbaycanlı həll etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun buraxılışına məsul olduğu “Azərbaycanın qurtuluş tarixi”nin ilk cildi Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etmək uğrunda apardığı müqəddəs mübarizənin birinci mərhələsinə həsr olunmuşdur. Kitabda Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva dövrü, Mixail Qorbaçovun xalqımıza qarşı düşmən münasibəti, erməniləri himayə etməsi, Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdi, Heydər Əliyevin bu müdhiş planın həyata keçirilməsinə mane olması, böhtançılığın qızışdırılması və buna Moskvanın dəstəyi faktik materiallar əsasında geniş təhlil edilmişdir.
Dünya səviyyəli siyasətçi, çox böyük nüfuz sahibi olan Heydər Əliyevin yanında Mixail Qorbaçov çox kiçik görünürdü. Heydər Əliyev şəxsiyyəti, onun ağlı və cəsarəti Mixail Qorbaçovu narahat edirdi. Sonralar Mixail Qorbaçov Azərbaycanın dahi oğlunun bu keyfiyyətlərindən danışmış, bunları etiraf etmişdir. Öz ağlı, prinsipiallığı ilə fərqlənən Heydər Əliyev o zaman Siyasi Büroda həqiqəti cəsarətlə söyləyə bilən yeganə adam idi. Mixail Qorbaçov onunla işləyə bilməzdi, bu, hər ikisinə aydın idi. Mixail Qorbaçova onun iradəsini sözsüz yerinə yetirən, barmağının işarəsi ilə istədiyini icra edən adamlar lazım idi. Heydər Əliyev istəsə də, belə ola bilməzdi, o, təbiətcə lider idi, icraçı deyildi. Bu səbəbdən də Mixail Qorbaçov böyük siyasətçinin olduğu yerdə özünü son dərəcə pis hiss edirdi və ona görə də bu böyük dövlət adamını hakimiyyətdən kənarlaşdırmaq istəyirdi. Belə vəziyyətdə işləməyin mümkün olmadığını görən Heydər Əliyev istefa verdi və bir neçə ildən sonra Vətənə döndü.
Heydər Əliyevin şərəfli və mənalı ömrünün, müdrik fəaliyyətinin Naxçıvan dövrü kitabda öz əksini dolğun tapmışdır. Burada Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edilməklə yanaşı, bu dahi insanın çıxış, nitq və məruzələrinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə imzaladığı qərar və sərəncamlara geniş yer verilmişdir. Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb fəaliyyət göstərməsi bu bölgənin taleyini həll etdi, onu məkrli düşmənin işğalından qurtardı.
Möhtərəm Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər çətin blokada şəraitində və düşmən əhatəsində olan Muxtar Respublikanın xilasının əsasını təşkil etmişdir. Yerli əhalinin Heydər Əliyevə dərin inamı və böyük sevgisi, onun ətrafında sıx birləşməsi burada siyasi sabitlik üçün mühüm amil olmuşdur. Cənab Heydər Əliyevin Naxçıvanda gördüyü böyük işlər bilavasitə bütün Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Muxtar Respublikada aparılan dövlət quruculuğu prosesi xalqımız tərəfindən dəstəklənir və Azərbaycan rəhbərliyinin fəaliyyətindən narazılıq artırdı. Muxtar Respublikanın adının dəqiqləşdirilməsi, milli dövlətçilik atributlarının yekdilliklə qəbul olunması, 20 Yanvar qırğınına obyektiv siyasi qiymət verilməsi, qonşu İran və Türkiyə ilə normal diplomatik əlaqələrin yaradılması, Naxçıvanın sərhədlərinin qorunması və qanunçuluğun təmin olunması, Ermənistanla müharibə dövrü ərzində atəşkəs rejiminin ilk dəfə Muxtar Respublikada tətbiq edilməsi kimi taleyüklü məsələlər cənab Heydər Əliyev tərəfindən yerinə yetirilmişdir.
Cənab Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə dövlət quruculuğuna, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, iqtisadi və siyasi böhranın aradan qaldırılmasına, aqrar islahatların həyata keçirilməsinə aid elə mühüm qərarlar qəbul edirdi ki, Azərbaycan rəhbərliyi bunlar barədə fikirləşə belə bilmirdi. Müdrik siyasi və dövlət xadiminin bu dövrdə qəbul etdiyi dövlət əhəmiyyətli və cəsarətli qərarlar, həyata keçirdiyi islahatlar Azərbaycanda milli dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm siyasi və tarixi əhəmiyyətə malikdir.
Heydər Əliyevin artan nüfuzu AXC-Müsavat liderlərini təşvişə salırdı. Onlar fəaliyyətləri ilə tamamilə xalqın inamlarını itirir və buna görə əhalinin böyük əksəriyyəti onlardan üz döndərirdi. Naxçıvanın muxtariyyət statusunu ləğv etməklə onlar Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmaq istəyirdilər. Bu mümkün olmadıqda, 1992-ci il oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. Lakin Heydər Əliyev müdrikliyi və xalq birliyi bu cəhdin qarşısını uğurla aldı.
Yeni Azərbaycan Partiyasının yaradılması, Naxçıvanda blokadanın yarılması və bölgənin müdafiəsinin təşkili Heydər Əliyev siyasətinin uğuru kimi kitabda təhlil edilir. Müəllifin burada apardığı müqayisələr təbii maraq doğurur. Naxçıvanda dediyimiz müsbət dəyişikliklər baş verdiyi halda, Gəncədə hərbi korpusun qiyamı baş verdi və bununla da ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi. İqtidarın səriştəsizliyi, naşılığı üzə çıxdı və ölkəni idarə etmək qabiliyyətində olmadığını göstərdi. Çətin vəziyyətə düşən iqtidarın təkidli xahişlərindən sonra, 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələn və bir həftə sonra parlamentə sədr seçilən Heydər Əliyev ölkəni məhv olmaq təhlükəsindən xilas etdi.
Heydər Əliyevin Azərbaycana qayıdışı və yenidən hakimiyyətə gəlməsi xalqımızın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu və ölkənin gələcək inkişafında mühüm rol oynadı. Heydər Əliyev hakimiyyətə gələn kimi özünün bütün potensial imkanlarından və şəxsi nüfuzundan maksimum istifadə edərək, Azərbaycanın başı üstünü almış bütün fəlakətlərdən, vətəndaş müharibəsi təhlükəsindən xilas yollarını tapdı.
Heydər Əliyevin dühası sayəsində 1993-cü ilin yayında dövlətçilik, müstəqillik qorundu, Azərbaycan vətəndaş müharibəsinin məhvedici təsirindən xilas oldu. Lakin həmin dövrdə Azərbaycanın dövlətçiliyi ilə bərabər, onun bütövlüyü də təhlükəyə məruz qalmışdı. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsi sovuşduqdan, Surət Hüseynov amili müvəqqəti olsa da neytrallaşdıqdan sonra, Azərbaycanı parçalamaq planının tərəfdarları yenidən fəallaşdılar. Əlikram Hümbətov Azərbaycanın cənubunda, sadvalçılar şimalında hərəkətə gəldilər, ermənilər də qərb istiqamətində hücumları genişləndirdilər. Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Heydər Əliyev yenə mümkün olanı etdi, şimal və cənub təhlükələri dəf olundu. İtkilərimiz böyük olsa da, qazandıqlarımız da böyük oldu – Azərbaycanın bütövlüyü qorundu.
Qurtuluş tariximizin ən mürəkkəb, ən çətin mərhələsində uzaqgörən siyasətçi Heydər Əliyevin ağıllı gedişləri müstəqil Azərbaycan dövlətinin günü-gündən möhkəmləndirilməsinə və inkişaf etməsinə səbəb oldu. Xain və satqınlar, ölkəni parçalamaq istəyən xarici qüvvələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ölkə rəhbərinə qarşı sui-qəsd etməyə çalışırdılar. Zorakı yolla hakimiyyət dəyişikliyi etmək həvəsinə düşənlər də vardı. Amma bu cəhdlərin qarşısı ağlın gücü ilə, xalqın dəstəyi ilə alınırdı. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında daxili və xarici təxribatçı qüvvələr müstəqilliyimizə qəsd edəndə Heydər Əliyevin qətiyyəti və cəsarəti ölkəni xilas etdi. Xalqımız bu böyük dövlət xadiminin qeyri-adi zəkasına, ağıl və müdrikliyinə, heç bir təhlükə və maneə qarşısında sarsılmayan siyasi iradəsinə, gələcəyi görmək istedadına, siyasi uzaqgörənliyinə, vətən və xalq sevgisinə bir daha heyrət etdi.
Bu gün oxucuların ixtiyarına verilən “Böyük Xilaskar” və “Azərbaycanın qurtuluş tarixi” kitablarının ayrı-ayrı cildlərində Azərbaycanın istər daxilindəki, istərsə də xaricindəki düşmən qüvvələrin xainliyinin səbəbləri və ağır nəticələri açılıb göstərilmişdir. Bu qüvvələr Azərbaycan tarixində qara ləkə kimi qalmışdır. Kitablarda dövlət çevrilişi cəhdləri və sonrakı illərin hadisələri dəqiqliklə əks etdirilmiş, Prezidentin müdrikliyinə və xalqın ona etimadına əsaslanan qələbənin qaynaqları izah olunmuşdur.
Təqdimatına toplaşdığımız kitablarla tanış olarkən ötən illərin tarixi hadisələri yaddaşımızda canlanır və xalqın müqəddəratında dahi şəxsiyyətin rolunu, etnik separatçılığın, hərc-mərcliyin və hakimiyyətsizliyin kökünü kəsmiş olan Heydər Əliyevin istedadının, peşəkarlığının və siyasi yetkinliyinin nəyə qadir olduğunu bir daha yəqin edirsən.
Həm bu gün təqdimatı keçirilən “Azərbaycanın qurtuluş tarixi”, “Böyük Xilaskar” kitabları, həm də Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş və əvvəllər çapdan çıxmış çoxsaylı kitablar – “Qayıdış”, “Qətiyyətin təntənəsi”, “Müstəqillik yollarında”, “Qəsd. Oktyabr 1994 - mart 1995-ci illər” və başqa kitabları xalqın qəlbində dövlətə sədaqət, ümummilli lider Heydər Əliyevə dərin ehtiram hisslərinin üzvi surətdə qovuşduğundan xəbər verir. Çünki Heydər Əliyev öz parlaq zəkası və istedadı sayəsində yeni, müstəqil Azərbaycanı, onun bugünkü gerçəkliyini yaratmış və ölkəmizi gələcəyə aparan yolları müəyyən etmişdir.
Xalqımız və ölkəmiz möhtərəm Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, müstəqil Azərbaycanımız hər cəhətdən inkişaf edir. Möhtərəm Heydər Əliyevin tövsiyə etdiyi yolla gedən xalqımız öz milli liderinin ideyalarının həyata keçirilməsi üçün əzmlə çalışır.
Məşhur tarixçilərdən biri vaxtilə yazıb ki, “Tarix hüquq deyil, faktlardır. Fakt isə onun etiraf edilib-edilməməsindən asılı olmayaraq, mövcuddur”.
Bir işıq seli zülmət qaranlığı işıqlandırdığı kimi, faktlar da tarixin həqiqət işığıdır. “Azərbaycanın qurtuluş tarixi” və “Böyük Xilaskar” kitablarındakı faktlar və hadisələr Heydər Əliyev zəkasının işığında bugünkü və gələcək nəsillərə obyektiv və həqiqi tarixi aşılayır.
Bu həqiqi tarixi yaradanları – kitabın müəllifini, buraxılışına məsul olanları, elmi redaktoru, məsləhətçiləri və nəşriyyat kollektivini bu uğurlu iş münasibətilə ürəkdən təbrik edirik.