Azərbaycan müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş kimi çıxış edir ŞƏRH
Bakı, 14 iyul, AZƏRTAC
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan təkcə regional proseslərin iştirakçısı deyil, həm də qlobal gündəliyin müzakirə olunduğu mühüm platformaların təşəbbüskarı və ev sahibi kimi çıxış edir. Müxtəlif ölkələrdən media nümayəndələrinin, ekspertlərin və siyasətçilərin Şuşada bir araya gəlməsi ölkənin artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və müstəqil xarici siyasət kursunun növbəti təsdiqi oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.
O bildirib ki, Forum çərçivəsində müzakirə olunan məsələlərdən biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində "orta güc" kimi mövqeyinin formalaşması idi: "Müasir beynəlxalq münasibətlərdə "orta güc" anlayışı artıq ərazi, əhali və ya iqtisadi göstəricilərlə müəyyən edilmir. Əsas meyar dövlətin milli maraqlarını müstəqil şəkildə qorumaq, xarici təzyiqlərə qarşı dayanıqlılıq nümayiş etdirmək, regional və qlobal proseslərə təsir göstərmək, beynəlxalq təşəbbüslər irəli sürmək və mürəkkəb geosiyasi şəraitdə çevik diplomatiya həyata keçirmək bacarığıdır. Məhz bu xüsusiyyətlər son illərdə Azərbaycanın beynəlxalq mövqeyinin qiymətləndirilməsində daha çox ön plana çıxır.
Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və logistika marşrutlarında oynadığı strateji rol, çoxtərəfli diplomatiyada fəallığı və regional əməkdaşlıq layihələrinə verdiyi dəstək ölkənin geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, suverenliyin tam bərpası və milli maraqlara söykənən siyasətin ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın müstəqil qərar qəbul etmək imkanlarını daha da möhkəmləndirib.
Beynəlxalq sistemdə güc balansının dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə Azərbaycan praqmatik və çoxşaxəli xarici siyasət yürütməklə müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş kimi çıxış edir. Bu yanaşma ölkəyə həm regional sabitliyin təmin edilməsində, həm də qlobal iqtisadi və siyasi layihələrdə fəal iştirak etmək imkanı qazandırır".
Professor qeyd edib ki, bununla yanaşı, "orta güc" statusu yalnız mövcud nailiyyətlərlə deyil, həm də davamlı inkişaf potensialı ilə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi, innovasiyaların təşviqi, insan kapitalının gücləndirilməsi, rəqəmsal transformasiya və institusional islahatlar Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirən əsas istiqamətlər olaraq qalır.
"Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan təsiri təsadüfi amillərin nəticəsi deyil. Bu, uzunmüddətli strateji planlaşdırmaya, milli maraqlara söykənən müstəqil siyasətə, iqtisadi dayanıqlığa, güclü təhlükəsizlik potensialına və fəal diplomatiyaya əsaslanan inkişaf modelinin məntiqi nəticəsidir. Məhz bu amillər ölkənin regional çərçivələri aşaraq qlobal proseslərə təsir göstərmək imkanlarını genişləndirir və Azərbaycanın "orta güc" statusu ilə bağlı aparılan müzakirələrə real siyasi və geosiyasi məzmun qazandırır", - deyə o əlavə edib.