Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən beynəlxalq konfransda təmsil olunub
Daşkənd, 16 noyabr, АZƏRTAC
Daşkənddə Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının 22-ci konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə dünyanın 18 dövlətinin bu sahəni təmsil edən nümayəndələri qatılıblar.
Azərbaycanı tədbirdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov və həmin qurumun xidmətin təşkili və peşə hazırlığı şöbəsinin rəisi, daxili xidmət polkovniki Azad Əliyev təmsil ediblər.
Konfransda il ərzində görülən işlər, yeni qaydaların tətbiqi, beynəlxalq hakimlik dərəcələrinin verilməsi, yeni üzvlərin qəbulu və digər məsələlər müzakirə olunub.
Azərbaycan tərəfi müzakirə olunan məsələlərə münasibətini bildirib, səsvermədə iştirak edib.
Tədbirdə 2023-cü ildə bu sahə üzrə konfransın və 2024-cü ildə yanğınsöndürənlər və xilasedicilərin dünya çempionatının Azərbaycanda keçirilməsi təklif olunub.
Xatırladaq ki, yanğınsöndürənlər və xilasedicilərin dünya çempionatı 2022-ci ildə Səmərqənddə keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd