Azərbaycan nümayəndələri Barselonada limanların dəniz administrasiyaları üçün kursda iştirak ediblər
Bakı, 15 sentyabr, AZƏRTAC
Barselonada TRASEKA ölkələri limanlarının dəniz administrasiyaları üçün təşkil olunmuş üçgünlük kurslar keçirilib.
AZƏRTAC TRASEKA-nın məlumatına istinadla xəbər verir ki, kursda regionun liman ölkələri olan Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Rumıniya və Türkmənistanın nümayəndələri iştirak ediblər.
Bu kursun gedişində iştirakçılar Barselona limanının fəaliyyəti, nəqliyyat texnologiyaları və innovasiyalar, informasiya xidmətləri ilə tanış olub, eləcə də tanışlıq səfərləri və seminarlarda iştirak ediblər.
Xüsusən, kurs iştirakçıları üçün limanın ərazisi üzrə dəniz ekskursiyası təşkil olunub, liman kapitanı İdarəsi tərəfindən həyata keçirilən fəaliyyət əyani şəkildə nümayiş etdirilib. Liman personalı yüklərin və insanların daşınması zaman təhlükəsizlik prosedurları, Ro-Pax gəmisinin təşkili və istismarı, habelə yükləmə üzrə əməliyyatlar barədə ətraflı danışıb. Gəminin yükləmə zonası və liman polisinin ziyarət edilməsi də kursun proqramına daxil olunub.
Bundan əlavə, iştirakçılara dərs vəsaitlərində olmayan və peşəkar bacarıqların yaxşılaşdırılması, yeni innovasiya həll yolları barədə faydalı informasiya təqdim olunub. Liman icmasının bütün iştirakçıları arasında fəal şəkildə informasiya mübadiləsi aparmağa imkan verən və sayəsində bütöv liman ekosisteminin qarşılıqlı fəaliyyətinin mərkəzləşdirilmiş şəkildə təşkili mümkün olan “Port Community System” avtomatlaşdırılmış informasiya sisteminə xüsusi diqqət yetirilib. Bu həll yolu vasitəsilə limanın işi təhlükəsiz, daha səmərəli olur və bütöv vahid bir mexanizm kimi fəaliyyət göstərir.
Məruzəçilər arasında Barselona dəniz administrasiyası və limanının yüksəkvəzifəli fəxri nümayəndələri, polis və təhlükəsizlik xidmətlərinin zabitləri, IT şirkətlərin menecerləri yer alıblar.
Əlavə olaraq PIF (point of inspection) sahəsində fəaliyyət, heyvan və bitki mənşəli məhsullarının yoxlama-nəzarət məntəqəsi təqdim edilib.
“Keçirilmiş kurs görüş yerinə çevrilib, burada Qərbi Aralıq dənizi regionunda hər gün tətbiq etdiyimiz intermodal daşınmaların istifadəsini təşviq edərək, dəniz əməliyyatlarının təhlükəsizliyinin rəqəmsallaşdırılması barədə biliklərimizi iştirakçılarla bölüşmək imkanımız olub. Eyni zamanda TRASEKA regionu ölkələrindən olan peşəkarlardan və mütəxəssislərdən çox şey öyrəndik. Biz əməkdaşlığa və bilik mübadiləsinə çox şadıq, çünki ümumi məqsədimiz birgə səylərlə gələcəkdə yaşıl limanların davamlı inkişafına yol açmaqdır” - deyə təlim mərkəzinin direktoru doktor Eduard Rodes qeyd edib.
Kurs başa çatdıqdan sonra iştirakçılar “Escola Europea Intermodal Transport”dan müvafiq sertifikat alıblar.